Əsas Səhifə > Mədəniyyət > Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiya davam edir

Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı aksiya davam edir


29-10-2021, 18:18


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın yaddaşına əbədi həkk olundu. Müzəffər ordumuzun qazandığı tarixi Qələbədən artıq 1 il ötür. Xalqımız ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrı Zəfər Günü kimi qeyd edəcək. 

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur.

Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq Qazax Tarix-Diyarşünaslıq Muzeyində "Açıq qapı" aksiyası təşkil edilib. Oktyabrın 28-dən "Tariximizi öyrənək" adı altında start götürən "Açıq qapı” aksiyasının əsas məqsədi tariximizi, Vətən uğrunda canlarını fəda edən igid qəhrəmanlarımızı tanıtmaqdır.

Bugünkü aksiyanın iştirakçıları Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 10-11-ci sinif şagirdləri olub.


Məktəblilər muzeylə, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə yaxından tanış olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın igid, qəhrəman oğlunun xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan ehtiramı özündə əks etdirdiyi diqqətə çatdırılıb. Qazaxın tarixi, dünəni, bu günü barədə ətraflı məlumat verilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz bildirilib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür ziyarətlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirərək ehtiramlarını bildiriblər.


GOYEZEN.AZ


Geri qayıt