• Təqvim

  • Maraq



Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Qanları ilə dastan yazanlar” başlığı altında rayon üzrə rəsm və əl işi müsabiqəsi keçiriləcək


2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatdı. O qələbə ki, rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə dövlət səviyyəsində də qeyd ediləcək. Respublika Prezidenti İlham Əliyevin Qələbəninəbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi haqqında imzaladığı3 dekabr 2020-ci il tarixli Sərəncam da tarixi Qələbənin əhəmiyyətindən, xalqımız və dövlətimiz üçün nə qədər önəmli olmasından xəbər verir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Zəfər Günü silsilə tədbirlərlə qeyd olunacaq.

Tədbirlər çərçivəsindəQazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyası və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Qazaxda 8 Noyabr - Zəfər Günü ərəfəsində gənclərdə vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə "Qanları ilə dastan yazanlar” başlığı altında rayon üzrə rəsm və əl işi müsabiqəsi keçiriləcək.

Bu günQazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyası, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərlərini və rəssam Nəcməddin Hüseynovu qəbul edib, müsabiqənin həyata keçirilməsi üçün görülməsi nəzərdə tutulan işlər müzakirə olunub. Müsabiqənin şərtləri, iştirakçıların yaş həddi, rəsm əsərlərinin və əl işlərinin seçilməsi üçün münsiflər heyətinin tərkibi və s. məsələlərlə bağlı ətraflı söhbət aparılıb. Qeyd olunan məsələlərin qısa vaxtda həlli ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş