Qazaxda Vətən müharibəsi şəhidi kiçik gizir Elcan Namazovun ildönümündə xatirəsi anılıb
2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı ordumuzun qazandığı Zəfər hərb tariximizə qızıl hərflərlə yazıldı. Tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın güclü dövlət olduğunu, eyni zamanda ordumuzun böyük gücə, qüdrətə sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı əldə etdiyimiz tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdardır.
44 günlük haqq savaşında Vətən torpaqlarının azadlığı, ərazi bütövlüyü naminə şirin canından keçərək ölümün gözünə dik baxan, Şəhidlik adlı uca zirvəni fəth edən igid oğullarımızdan biri də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kiçik giziri Namazov Elcan Hidayət oğludur.
Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şəhid olan sərhədçimizin ildönümündə xatirəsi anılıb.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşı general-mayor Müzəffər Pirizadə, sərhədçilər, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. A.Vəliyev Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün canından keçən Elcan kimi qəhrəman oğullarımızın Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlarını qeyd edib. Elcan və onun kimi igid oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan Elcanın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Bütün şəhid ailələri kimi, Elcan Namazovun ailəsinin də dövlət və rayon rəhbərliyi tərəfindən daim qayğı ilə əhatə olunduğunu bildirib.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşı general-mayor Müzəffər Pirizadə qəhrəman şəhidimizin sərhədçi andına və şərəfinə sadiq qalaraq Vətən müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdiyini, qarşıya qoyulan döyüş tapşırıqlarını qanı və canı bahasına layiqincə yerinə yetirərək şəhadət zirvəsinə ucaldığını qeyd edib. Vətən müharibəsində canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, intiqamlarının döyüş meydanında alındığını, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa olunduğunu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağını vurğulayıb. 44 günlük Vətən müharibəsindən söz açan M.Pirizadə həmin müharibədən bəhs edən, Ali Baş Komandanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi səfərləri, xalqa müraciətlərini, müvafiq sərəncamlarını özündə əks etdirən "Sərhədçi” jurnalının xüsusi buraxılışını şəhidimizin atasına təqdim edərək həmin jurnalda qəhrəman şəhidimiz haqqında məlumatın da yer aldığını bildirib.
Şəhid atası Hidayət Namazov oğlu Elcan və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin daim yad olunmasını Elcanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Kiçik gizir Namazov Elcan Hidayət oğlu
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxumuşdur. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhidimizin doğulub boya-başa çatdığı Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş