Qazaxda Vətən müharibəsi şəhidi kiçik gizir Elcan Namazovun adını əbədiləşdirən bulaq inşa olunur
2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə yekunlaşan bu müharibənin isə iki əsas qəhrəmanı var – şanlı Azərbaycan Ordusu və bu şanlı ordunun Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, sağlamlıqlarını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi olmalıdır. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü canından üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də kiçik gizir Namazov Elcan Hidayət oğludur.
Bütün şəhidlərimiz kimi igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdiriləcək. Doğulduğu Dəmirçilər kəndində qəhrəman şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə bulağın inşa olunduğu ərazidə olub, yerində baxış keçirib.
İgid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edən icra başçısı Elcan kimi qəhrəman, cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elcanın xatirəsinin daim əziz tutulacağını bildirib. Şəhidimizin adını daşıyacaq bulağın suyundan içən hər kəsin şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onun haqqında məlumat əldə edəcəyini qeyd edib. Tikilən bulağın Elcanın xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib.
Kiçik gizir Namazov Elcan Hidayət oğlu
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxumuşdur. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.
Bu gün hər birimizin borcudur ki, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinə möhtəşəm Qələbəni, Böyük Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarını daim yad edək, xatirələrini əziz tutaq. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Elcan Namazovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.
GOYEZEN.AZ
Facebook-da paylaş