• Təqvim

  • Maraq



Şəhid məzarı ziyarət olundu

Respublika mətbuatı Qazax haqqında


Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Bu gün hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur.

Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də kiçik gizir Namazov Elcan Hidayət oğludur.

Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşan Elcan Namazovun yaşasaydı iyunun 1-də 24 yaşı tamam olacaqdı. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum günü unudulmayıb.

Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış kiçik gizir Elcan Namazovun doğum günündə doğulduğu Dəmirçilər kəndində olublar.

Ata ocağında ruhuna dua oxunub, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elcanın xatirəsinin daim əziz tutulacağını bildiriblər. Şanlı Qələbədən söz açan icra başçısı qələbədə payı olan Elcan kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini, tarixi Zəfərə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Elcanın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər birimizin qürur duyduğunu vurğulayıb.

"Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid atası Hidayət Namazov onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Elcanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.

Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
4 iyun 2021-ci il




Facebook-da paylaş