Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən guşə ailələrinə təqdim olunub
27 sentyabrdan başlayan Azərbaycanın Vətən müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. Ən əsası isə Ali Baş Komandanın yaratdığı Vətən Müharibəsi modeli Azərbaycanın Böyük Qələbəsini təmin etdi. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydular. 44 günlük Vətən müharibəsi bizim Qarabağ müharibəmiz idi və biz o müharibədə Qələbə qazandıq. 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə yekunlaşan bu müharibənin isə iki əsas qəhrəmanı vardır – şanlı Azərbaycan Ordusu və bu şanlı ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur.
Azərbaycan xalqı müzəffər ordumuzun qazandığı tarixi Qələbəni bu gün də böyük qürur hissi ilə söyləyir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç zaman unudulmayacaq.
Qazax rayonunda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran mərd oğullarımızın xatirəsi əziz tutulur, onların ailələri daim yad olunur.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə göstərdiyi qayğını bu gün də əsirgəmir. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin keçdikləri döyüş yolunun gələcək nəsillərə çatdırılması, qəhrəmanlıqlarının nümunə göstərilməsi, ən əsası da adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən təqdirəlayiq işlər bu gün də davam etdirilir.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, "Tərəqqi" medalı ilə təltif olunmuş, jurnalist, şair-publisist Elçin İsmayıl tərəfindən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qazaxın igid oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə onların həyatından, döyüş yolundan bəhs edən "Qanları ilə dastan yazanlar” kitabının yazılması, yenə də rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən şəhidlərimizin, istər Birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsi, eləcə də 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı şəhid olmuş igid Vətən oğullarının xatirəsinə guşənin yaradılması şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir. Muzeyin ikinci mərtəbəsində nəfis tərtibatı ilə göz oxşayan guşədə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş 338 nəfər qazaxlı şəhidin fotoşəkilləri yer alır. Yaradılan guşə şəhidlərimizin döyüş yolundan, qazandığımız tarixi Qələbədən, həmin şanlı Zəfərdə Qazaxın igid, mərd oğullarının da payının olmasından xəbər verir.
Mayın 6-da Pandemiya qaydalarına uyğun olaraq şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Muzeydə yaradılan guşə ailələrə təqdim olunub. İlk olaraq Vətən müharibəsi şəhidlərinin valideynləri, yaxınları, həyat yoldaşları, övladları növbəli şəkildə guşə ilə tanış olublar. Şəhid ailələri öncə Muzeyin birinci və ikinci mərtəbəsinə ekskursiya ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva, Teybə Hüseynova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovun, Muzeyin direktoru Gülnaz Alişanova və əməkdaşlarının iştirak etdiyi tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində qanları ilə dastan yazan igid oğullarımızın əziz xatirəsi dərin ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva şəhid ailələrini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, rayon rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər bir azərbaycanlının fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını qeyd edib. Qazax Tarix-Diyarşünaslıq Muzeyində igid Vətən oğullarının xatirəsini əbədiləşdirən guşənin yaradılmasını şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə örnək və nümunə göstərmək üçün atılan nümunəvi addımlardan biri kimi qeyd edib. Rayon rəhbərliyinin şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə hər zaman qayğı ilə yanaşdığını və həmin qayğını bu gün də öz əməli işləri ilə göstərdiyini qeyd edən G.Quluyeva bu günə kimi həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhidlərimizi yaxından tanımaq, onların keçdikləri döyüş yolundan nümunə götürmək üçün yaradılan guşənin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışan S.Çobanov həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu qeyd edib. Qanları ilə tarix yazan, ömür yolları, həyat hekayələri, keçdikləri döyüş yolları ilə dastana çevrilən oğullarımız haqqında yazılan kitabın, yaradılan guşənin həmin qayğının əyani sübutu olduğunu söyləyib. Şəhidlik zirvəsinə ucalan igid oğullarımızın təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduqlarını, onlarla hər bir qazaxlının, azərbaycanlının qürur duyduğunu vurğulayıb.
Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov millət vəkilinin adından şəhid ailələrini Ramazan bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da olduğu kimi həyata keçirilməsinə rayon rəhbərliyinə qazaxlı gənclər adından minnətdarlığını bildirib. Bu gün hər bir gəncin şəhidlərimizlə, qazilərimizlə qürur duyduğunu dilə gətirib.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova şəhidlərimizə göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Muzeydə şəhidlərimizlə bağlı guşənin yaradılmasını şəhidlərimizə, onların ruhuna olan hörmət və ehtiramın daha bir bariz nümunəsi kimi göstərib. Muzeyə ekskursiya edən vətəndaşlara, xaricdən gələn qonaqlara şəhidlərimiz, onların döyüş yolu haqqında məlumat çatdırmağın onlar üçün ən şərəfli iş olduğunu qeyd edib.
Şəhid leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubov, gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva, çavuş Elməddin Pənahovun həyat yoldaşı Gülnar Pənahova hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qazaxda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan nümunəvi addımları, həyata keçirilən işləri yüksək qiymətləndirərək razılıq ediblər. Gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi, şəhidlərimizi yaxından tanımaları üçün bu cür təşəbbüslərin həyata keçirilməsini təqdirəlayiq işlərdən biri kimi qiymətləndiriblər.
Sonda şəhid ailələri övladlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan guşənin təşəbbüskarı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, guşənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə bir daha dərin minnətdarlıqlarını bildiriblər. Guşə ilə bağlı fikirlərini bölüşüblər.
1-ci hissə
2-ci hissə
GOYEZEN.AZ
Facebook-da paylaş