2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və 44 gün davam
edən Vətən müharibəsində şanlı ordumuzun qazandığı Zəfər hərb tariximizə qızıl
hərflərlə yazıldı. Tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın
güclü dövlət olduğunu, eyni zamanda ordumuzun böyük gücə, qüdrətə sahib
olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün özünü qalib ölkənin vətəndaşı
hesab edən hər bir azərbaycanlı əldə etdiyimiz tarixi Qələbəyə görə Ali Baş
Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdardır.
44 günlük haqq savaşında Vətən torpaqlarının
azadlığı, ərazi bütövlüyü naminə şirin canından keçərək ölümün gözünə dik baxan,
Şəhidlik adlı uca zirvəni fəth edən igid oğullarımızdan biri də Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin kiçik giziri
Namazov Elcan Hidayət oğludur.
Ölkəmizin
ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından
azad edilməsi uğrunda Vətən müharibəsində şəhid olan sərhədçimizin ildönümündə xatirəsi anılıb.
İldönümü mərasimində Qazax
Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin əməkdaşı general-mayor Müzəffər Pirizadə, sərhədçilər, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil
aldığı Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin müəllim və
şagirdləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları,
kənd sakinləri iştirak ediblər.
İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi
ehtiramla yad olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz
xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək
sözlərini çatdırıb. A.Vəliyev Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi
bütövlüyünü bərpa etmək üçün canından keçən Elcan kimi qəhrəman
oğullarımızın Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlarını qeyd edib. Elcan və onun kimi igid oğullarımızla illər keçsə belə hər zaman
qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan
Qazaxın igid oğullarının sırasında dayanan Elcanın təkcə qazaxlıların, doğma
el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin fəxr
etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş
Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu
olduğumuzu bir daha söyləyib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri
qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas götürüldüyünü
qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da
yüksək səviyyədə olacağını vurğulayıb. Bütün şəhid ailələri kimi, Elcan
Namazovun ailəsinin də dövlət və rayon rəhbərliyi tərəfindən daim qayğı ilə
əhatə olunduğunu bildirib.
Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşı
general-mayor Müzəffər Pirizadə qəhrəman
şəhidimizin sərhədçi andına və şərəfinə sadiq qalaraq Vətən müharibəsinin ilk
günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdiyini, qarşıya qoyulan
döyüş tapşırıqlarını qanı və canı bahasına layiqincə yerinə yetirərək şəhadət
zirvəsinə ucaldığını qeyd edib. Vətən müharibəsində canından keçən
şəhidlərimizin qanının yerdə qalmadığını, intiqamlarının döyüş meydanında
alındığını, Respublika Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında ərazi bütövlüyümüzün bərpa olunduğunu, xalqımıza qalibiyyət sevinci
yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağını
vurğulayıb. 44 günlük Vətən müharibəsindən söz açan M.Pirizadə həmin
müharibədən bəhs edən, Ali Baş Komandanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi
səfərləri, xalqa müraciətlərini, müvafiq sərəncamlarını özündə əks etdirən "Sərhədçi”
jurnalının xüsusi buraxılışını şəhidimizin atasına təqdim edərək həmin jurnalda qəhrəman şəhidimiz
haqqında məlumatın da yer aldığını bildirib.
Şəhid atası Hidayət Namazov oğlu Elcan və onun kimi igid Vətən oğulları ilə
hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər
zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon
rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin daim yad
olunmasını Elcanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın
bariz nümunəsi kimi qiymətləndirib.
Kiçik gizir Namazov Elcan Hidayət oğlu
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax
rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına
Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin
məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə
olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı
hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində
oxumuşdur. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi
hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə
gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu.
Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə
Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun
döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də
yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə
fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə
təltif olunmuşdur. Şəhidimizin doğulub boya-başa çatdığı Dəmirçilər kəndində
adını əbədiləşdirən bulaq inşa edilmişdir.
GOYEZEN.AZ
Geri qayıt
|