Qazaxda Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyevin ildönümü qeyd olunub
Başlanğıcını
2020-ci ilin 27 sentyabrından götürüb 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə
başa çatan Vətən müharibəsində qazandığımız tarixi Qələbəni xalqımız bu gün də qürurla
xatırlayır. Hər kəs ona görə fəxr edir ki, cənab Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında tarixi ədaləti bərpa
etdilər. Ölkə Prezidentinin "Qarabağ Azərbaycandır!” fikrini əldə rəhbər tutan
igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə
yeni şanlı salnamə yazdılar. Eyni zamanda bütün dünyaya Azərbaycan dövlətinin
və ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdilər. Vətən müharibəsində
qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də baş gizir Hacıyev Teymur Zaur
oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik
zirvəsinə ucalmış Teymur Hacıyevin bu gün ildönümüdür. Döyüş meydanında göstərdiyi
igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına
əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun ildönümünü ailəsi
ilə bərabər hər kəs qeyd edib, şəhidimizə olan sonsuz ehtiramını bildirib. Şəhidimizin doğulub boya-başa çatdığı Yuxarı Salahlı
kəndində keçirilən ildönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul
şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və
təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax
rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid
ailələri, şəhidimizin vaxtilə təhsil aldığı tam orta məktəbin müəllim və
şagirdləri, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak
ediblər. İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi
dərin ehtiramla yad edilib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə
Allahdan rəhmət, ailəsinə səbir diləyib, icra başçısı Rəcəb Babaşovun
səmimi ürək sözlərini çatdırıb. Respublika Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində
qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Teymur
Hacıyev kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib.A.Vəliyev qeyd edib ki, nə qədər ki, Azərbaycan xalqı
var Teymur kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının
göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk
olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid
oğullarının təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın
övladları olduğunu, onlarla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə
etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna,
şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib. Şəhidlərimizi
yad etməyin, onların ailələrinə, qazilərimizə sahib çıxmağın hər birimizin
borcu olduğunu qeyd edib. Ali Baş Komandan İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə
göstərilən qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman nümunə
götürüldüyünü bildirib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının
bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Övladı
ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Zaur Hacıyev Vətən uğrunda
canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Oğlu Teymurun ata
ocağında iki oğul övladının böyüdüyünü və onların atalarının adına layiq
şəkildə böyümələri üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. "Oğlum Teymur
hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və
onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini bir daha dilə
gətirib.
Z.Hacıyev
şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon
rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin daim yad olunmasını
Teymurun simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi
qiymətləndirib. Baş gizir Hacıyev
Teymur Zaur oğlu Şəhid Hacıyev
Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd
tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci
sinifini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi
hərbi xidmətə çağrılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur.
Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və
Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə
başlamışdır. 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir. Teymur Hacıyev
xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında
əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır.
Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir Teymur Hacıyev
xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir
hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə
borclarına məsuliyyətlə yanaşır". Bu yüksək dərəcəli
xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən
23.05.2016-cı ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi
(1918-2013)", 26.06.2018-ci ildə "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə
təltif olunmuşdur. Bir il sonra isə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli
medal almışdır. "N” saylı hərbi
hissənin baş çavuşu baş gizir Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən
döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid
olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa
çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd
qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki
azyaşlı oğul övladı yadigar qalıb. Vətən torpaqlarının düşmən
işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid
Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi.
Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham
Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə
fərqlənməyə görə”, 25 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş