Əsas Səhifə > Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyevin ildönümü qeyd olunub
Qazaxda Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyevin ildönümü qeyd olunub16-10-2021, 14:27 |
Başlanğıcını 2020-ci ilin 27 sentyabrından götürüb 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsində qazandığımız tarixi Qələbəni xalqımız bu gün də qürurla xatırlayır. Hər kəs ona görə fəxr edir ki, cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında tarixi ədaləti bərpa etdilər. Ölkə Prezidentinin "Qarabağ Azərbaycandır!” fikrini əldə rəhbər tutan igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni şanlı salnamə yazdılar. Eyni zamanda bütün dünyaya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdilər. Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də baş gizir Hacıyev Teymur Zaur oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Teymur Hacıyevin bu gün ildönümüdür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun ildönümünü ailəsi ilə bərabər hər kəs qeyd edib, şəhidimizə olan sonsuz ehtiramını bildirib. Şəhidimizin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində keçirilən ildönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid ailələri, şəhidimizin vaxtilə təhsil aldığı tam orta məktəbin müəllim və şagirdləri, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Teymur Hacıyev kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib.A.Vəliyev qeyd edib ki, nə qədər ki, Azərbaycan xalqı var Teymur kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib. Şəhidlərimizi yad etməyin, onların ailələrinə, qazilərimizə sahib çıxmağın hər birimizin borcu olduğunu qeyd edib. Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının
Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Zaur Hacıyev Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Oğlu Teymurun ata ocağında iki oğul övladının böyüdüyünü və onların atalarının adına layiq şəkildə böyümələri üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. "Oğlum Teymur hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini bir daha dilə gətirib.
Z.Hacıyev şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin daim yad olunmasını Teymurun simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Baş gizir Hacıyev Teymur Zaur oğlu
Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir. Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir Teymur Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır".
Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən 23.05.2016-cı ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Bir il sonra isə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medal almışdır. "N” saylı hərbi hissənin baş çavuşu baş gizir Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |