• Təqvim

  • Maraq



Arzuları böyük idi


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz əsgər Vəliyev Anar Həmzə oğlu haqqında yazılmış "Arzuları böyük idi" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Arzuları böyük idi


Görəsən, həyatda elə bir insan varmı ki, onun arzusu olmasın? Arzusuz insan kölgəsiz ağaca bənzəyir, həyatda mövqeyi, məramı olmur. Düzdür, insanların arzu və xəyalları fərqlənir, bir arzudan başqa bir arzu yaranır. Bu da təbiidir. Zaman gəlib keçdikcə insanların arzuları da dəyişir, bir-birini əvəz edir. Vəliyev Anar Həmzə oğlunun da arzuları, istəkləri böyük idi.

Anar haqqında danışmağa başlayan kimi ilk cümləsində anası Fazilə xanım dedi:

- Arzuları böyük idi oğlumun. Gələcəkdə oxumaq, ev tikdirmək, maşın almaq haqqında danışar, ürəyində baş qaldıran ilk arzularını mənimlə bölüşərdi. Həmişə də diqqətlə ona qulaq asıb sevinər, fərəhlənərdim. Mənə çox bağlı idi. Hər sözümün əvvəlində ona "Can, qurban olum" deyirdim.

Ailənin böyük oğlu idi Anar. 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində dünyaya gəlmişdi. Ailənin ilk övladı olduğu üçün arzuların ilki də onunla bağlı idi. Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin birinci sinfinə getdiyi (2008-ci il) ilk gün ailədə böyük şadyanalıq olmuşdu. 2017-ci ildə orta məktəbin doqquzuncu sinfini bitirəndən sonra Anar hərbi xidmətə hazırlaşmağa başladı. "Kişi əsgərliyə gedər, Vətənə olan borcunu yerinə yetirər", - deyirdi.

Fazilə xanım şəkillərdən birinə baxıb:

- Hərbi xidmətə getməmişdən iki gün əvvəl Anarın ad günü idi, 18 yaşını qeyd edirdi,  dostları ilə, sonra da evimizdə şənlik keçirdik. Şənlik həm də oğlumun hərbi xidmətə yola salınması münasibətilə idi. Nə biləydim ki... Sözünü tamamlaya bilmir.

Anar əsgərliyə getməmişdən bir qədər əvvəl özünə təzə mobil telefon alıbmış, söndürüb anasına verib deyib ki, əsgərlikdən qayıdandan sonra işlədərəm.

Anar Vəliyev 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldı. Əsgərlik kişilik məktəbi idi. Anar Vəliyev bu məktəbdən alnı açıq, üzü ağ keçdi. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin artilleriyasında hərbi qulluqçu - əsgər  kimi xidmət etməyə başladı. Həmin dövrdə nümunəvi xidmət etməsi, verilən hərbi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqləndi. Müasir silahlardan istifadə etmək qaydalarını dərindən öyrəndi, hərbi biliyini artıraraq şanlı Azərbaycan Ordusunun mübariz əsgəri oldu.

Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub. Minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından döyüş meydanında şəhid olub.

Fazilə xanım deyir:

- Anar şəhid olan günü onunla telefonla 2 dəfə danışdıq. Həmin gün danışdığımıza görə rahat olmaq əvəzinə Həmzənin də, mənim də az qalırdı ki, ürəyimiz partlasın. Elə bil havamız çatmırdı. Sən demə... bizimlə danışandan sonra Anar şəhid olubmuş.

Anar Vəliyev 11 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə  düşmənin hücumunun qarşısını alarkən 18 yaşında qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Anar Vəliyev ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda"və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Gələcək nəsillər canlarını bu müqəddəs yolda - Vətənimizin azadlığı, xalqımızın xoşbəxtliyi uğrunda fəda edən oğul və qızlarımızı heç vaxt unutmayacaqdır. Anar Vəliyev kimi igid, vətənpərvər oğullarımız Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun, şəhidim!


 

GOYEZEN.AZ



Facebook-da paylaş