• Təqvim

  • Maraq



Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz əsgər Nəsibov Nicat Səməd oğlu haqqında yazılmış "Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Əsgər kimi cəbhəyə getdi, qəhrəman oldu

Ailənin son beşiyi idi Nicat. 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində, ziyalı ailəsində dünyaya gəlmişdi. Hələ dünya onun üçün nağıl idi. Amma bu nağıllı dünyada "müharibə", "Qarabağ" sözləri onun qəlbinə toxunur, uşaq dünyasına bir qəzəb toxumu səpirdi. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbinə gedəndə əzbərləyib söylədiyi ilk şeirlər Vətən, Torpaq, Ana haqqında idi. Bu da hələ uşaq olmasına baxmayaraq, körpə vətənpərvərliyindən, uşaq təəssüfkeşliyindən irəli gəlirdi. Bu qətiyyət, bu iradə və mətinlik sonradan Nəsibov Nicat Səməd oğlunun həyatında mühüm rol oynayacaq, adını əbədiləşdirəcəkdi.

Orta məktəbdə Nicatın sinif müəllimi olmuş Rəna İbrahimovanın yazdığı sözlər sevimli şagirdinin xarakterini daha aydın şəkildə göstərir. "Şəhidlər bizim nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də vüqarımız, fəxrimiz, ölməzliyimiz, qürurumuz, örnəyimizdir. Bu gün mən şəhid Nəsibov Nicatdan danışacağam. O, lap uşaqlıqdan vətənpərvər böyüyürdü. Hələ altı yaşında Vətənə aid nə qədər şeirlər bilir, mahnılar oxuyurdu. Görünür, məktəbə ilk qədəmlərini basan uşaq müəllim, ana haqqında şeir söyləyər, amma Nicat Vətən haqqında saysız şeirlər bilirdi. Keçirilən tədbirlərin səpkisini dəyişib Vətən ruhlu tədbirin keçirilməsini xahiş edər, özü isə həmişə əsgər rolunda çıxış edərdi. Əlifba bayramı tədbirində müəllim ailəsində böyüdüyü üçün ondan müəllim haqqında şeir və ya məqalə söyləməsini istəmişdim. Razılaşdı, amma çıxışına Vətəni tərənnüm edən məqalə və şeirlə başladı, sonda isə müəllim şeiri ilə bitirdi. Hətta, tədbirdə əsgər paltarı geyinmişdi. Böyüdükcə Nicatın Vətəni nə qədər sevdiyini, Vətən ruhunda yetişdiyini görürdüm. Nicat çox sevirdi Vətənini, canını fəda edəcək qədər. Etdi də... Kiçik ürəyi ilə böyük bir tarix yazıb dillərə dastan oldu".

Nicat bəlkə də hərb sahəsini seçib tanınmış bir hərbçi olacaqdı. Çünki gənc qəlbindəki duyğular onun həyatını bu sahəyə istiqamətləndirirdi. Bəlkə də olacaqdı, əgər böyük qardaşı hərbçi olmasaydı. Onu da qeyd edim ki, gizir olan qardaşı Zabit Nəsibov da Vətən müharibəsində iştirak etmişdir.

Nicat Nəsibov 2014-cü ildə orta məktəbi bitirib Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2017-ci ilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra kollecdə təhsilini davam etdirmiş, 2019-cu ildə elektrik təchizatı ixtisası alaraq kolleci bitirmişdir. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən Nicat Nəsibov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.

Döyüşə girməmişdən əvvəl hərbi təlimlərdə iştirak etmiş, silah-sursatdan istifadə etmək qaydaları haqqında olan biliyini daha da zənginləşdirmiş, təcrübəsini artırmışdır. Sonra isə döyüşə yollanmış, düşmənə qarşı vuruşmağa başlamışdır. Nicat çox ürəklə, böyük cəsarətlə döyüşə atılmışdı. Uşaqlıqdan qəlbində yuva qurmuş Vətən eşqi, torpaq sevgisi ona böyük cəsarət verir, qəhrəmanlığa səsləyirdi. Ona görə də döyüş meydanında düşmənə aman vermir, qan uddururdu. Gənc vətənpərvər döyüşçünün necə mərdliklə vuruşmasını onun aldığı medallardan da aydın görmək olur.

Nicat Nəsibovun Lələtəpədən başlayan döyüş yolu qanlı vuruşmalardan keçmişdir. Füzuli, Zəngilan, Qubadlı və ən nəhayət, Laçın... Laçın onun döyüş salnaməsinin sonuncu ünvanı, həyat yolunun axırıncı dayanacağı oldu.

Atası Səməd müəllim deyir:

- Oktyabrın 27-də, şəhid olan günü, səhər tezdən Nicat zəng eləmişdi. Mənimlə, anası Həmidə ilə də danışdı. Səsi çox gur gəlirdi. Tezliklə düşmənin tamamilə məhv ediləcəyini, evə dönəcəyini deyirdi. Çox təəssüf ki, o günü görmək Nicata qismət olmadı. Telefon danışığından bir neçə saat sonra snayper gülləsinə tuş gəlib şəhid oldu...

Nicat Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə",30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.





 

GOYEZEN.AZ



Facebook-da paylaş