• Təqvim

  • Maraq



19 yaşı var idi


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz əsgər Məmmədov Əvəz Elnur oğlu haqqında yazılmış "19 yaşı var idi" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

19 yaşı var idi

 

Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, mətinliyimizi və ən nəhayət, birliyimizi bütün dünyaya nümayiş etdirdi. Qarabağ adlı savaş qalib Ordumuzun böyük qalibiyyəti ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu ildırım sürətli müharibə apararaq Böyük Tarixi Qələbə sevincini xalqımıza yaşatdı. Bu qələbənin müəllifi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə Şanlı Qələbəmizi təmin etdi. Ölkə başçısı qazanılan bu böyük zəfərlə ölkəmizin yeni tarixini yazdı - qələbə, zəfərlə dolu olan bir tarixini. Bütün dünya Azərbaycan xalqının yenilməzliyini gördü, ölkəmizin diktə etdiyi bütün şərtləri qəbul etmək məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizi zəfərlə sevindirən şanlı ordumuzun sıravi əsgəri, rütbəli zabiti də igidliklə döyüşdü, əsl qəhrəmanlıq göstərərək tarixin səhifələrinə qızıl hərflərlə "Qarabağ Azərbaycandır!" yazdı. 

...İgidlik yaş ilə, boy-buxunla ölçülmür. Gərək ürəyində təpər, qəlbində sevgi olsun. "Ağıl yaşda deyil, başdadır" zərbi-məsəlində də babalarımız yaşın önəmli olmadığına işarə etmişlər. Vətənpərvərlikdə, igidlikdə, elə ağılda da yaşın elə bir fərqi yoxdur. Təki qəlbin böyük və sevgi ilə dolu olsun. Bəzən kiçik yaşlarında insan elə bir iş görür, elə bir qəhrəmanlıq göstərir ki, tarix boyu danışılır, nəsildən-nəslə keçərək yaddaşlara hopur.

Şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun keçdiyi şərəfli ömür yolu da bu deyilənlərə parlaq bir nümunədir.

Əvəz Məmmədov Qazax rayonunun Bala Çaylı kəndində 2001-ci il iyun ayının 1-də gəlmişdi dünyaya. Sadə, zəhmətkeş ailədə doğulub boya-başa çatan Əvəz lap uşaqlıqdan çox sakit, istiqanlı və dostcanlı idi. 2007-ci ildən 2018-ci ilə qədər Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində oxuyanda həmyaşıdları qoçaqlığına görə onun adını "Qəhrəman" qoymuşdular. Hardan biləydilər ki, vaxt gələcək, zaman ötəcək, Əvəz Məmmədov əsl qəhrəman ömrü yaşayacaq, Şəhidlik zirvəsinə ucalaraq adını tarixə yazdıracaqdır.

Anası Bəsti xanım danışır:

- Orta məktəbdə oxuyanda Əvəzin idmana, ən çox da futbola böyük həvəsi var idi. Hətta, futbol üzrə keçirilən yarışlarda iki dəfə kubok da almışdı. Elə bilirdim ki, gələcəkdə futbolçu olacaq.

Qardaşı İbrahim isə Əvəzin başqa bir marağından söz açır:

- Qardaşımın rəssamlığa böyük həvəsi var idi. Vaxtaşırı gözəl, həm də maraqlı şəkillər çəkər, çəkəndən sonra isə bizə göstərərdi. Çəkdiyi şəkillərin əksəriyyəti müharibəyə, qəhrəmanlara aid olardı.

Zaman ötüb keçirdi. Əvəz artıq əsgərlik yaşına çatmışdı. Ona görə də 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldı. Valideynləri, qardaşı, bacısı, qohum-qonşular onu sevinclə, böyük ruh yüksəkliyi ilə əsgərliyə yola saldılar.

Əvəz Məmmədov ləyaqətlə xidmət edir, öz oğulluq borcunu layiqincə yerinə yetirirdi. İmkan olanda hərdən evə zəng çalır, hal-əhval tutur, hər şeyin yaxşı olacağını deyirdi. Sonra isə birdən-birə zənglər kəsildi.

...Vətən müharibəsi başlamışdı. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov şəhər və kəndlərin azad olunması uğrunda gedən döyüşlərə qatılaraq vuruşurdu. Şəhərlər, qəsəbələr, kəndlər bir-birinin ardınca işğaldan azad edilirii. Amma igid əsgər Qarabağın düşmənlərdən tam azad olması xəbərinin sevincini yaşaya bilmədi. 7 oktyabr 2020-ci il tarixində Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığında gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən şəhid oldu. 19 yaşında dünyasını dəyişən Əvəz Məmmədov Çaylı kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Əvəz Məmmədov ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, qəhrəmanlıq göstərmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsini ehtiramla yad etmək hər birimizin müqəddəs borcudur. Vətən yolunda şəhid olub əbədiyyətə qovuşan Əvəz Məmmədovun xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik.

 

GOYEZEN.AZ



Facebook-da paylaş