• Təqvim

  • Maraq



"Torpağı alıb qayıdacağıq"


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz əsgər Nəsibov Asəf Səfəralı oğlu haqqında yazılmış "Torpağı alıb qayıdacağıq" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

"Torpağı alıb qayıdacağıq"

 

Onun haqqında yazarkən qətiyyət sözü gəlib keçir fikrimdən. Qətiyyət zirvələri fəth etmək istəyən insanın qəlbindəki böyük duyğu, rast gələ biləcəyi əngəllərin, getdiyi yolda qarşılaşacağı maneənin onu yolundan döndərməyəcəyinə inam deməkdir. Aşılması imkansız kimi görünən maneələrlə üzləşən və bütün çətinliklərərə baxmyaraq öz sözünü reallaşdıran insanlar qətiyyətli olurlar. Bu şəxslər insanın nələrə qadir olduğunu, nələri edə biləcəyinə inamlı olduğunu öz əməlləri ilə sübuta yetirirlər. Qətiyyətli insanlar Allahdan yardım istəyib yenidən  irəli atılanlar, var gücü ilə çalışanlar, adlarını tarixə yazdıranlardır. Şəhid Nəsibov Asəf Səfəralı oğlu kimi.

26 illik ömür yolunda zəngin bir həyat məktəbi keçən Asəf Nəsibovun tərcümeyi-halı olduqca geniş, mənalı və ibrətamizdir. 1994-cü il fevral ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində dünyaya gələn Asəf dağlar qoynunda böyümüşdü. 2000-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə gedəndə artıq çoxlu şeirlər bilir, ana, Vətən haqqındakı şeir parçalarını əzbərdən deyirdi. Müəllimləri danışır ki, uşaq yaşlarından qətiyyətli, inamlı, nizam-intizamlı idi. Verdiyi sözdən heç vaxt geri dönməzdi. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra həyatı həmişəlik Bakı ilə bağlanmış, gənc qəlbində boy atan arzularını bu şəhərdə həyata keçirməyə başlamışdır. Elə həmin il ilk arzusu çin olmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya mühəndisliyi fakültəsinə qəbul edilmiş, 2015-ci ildə həmin universiteti ixtisaslı gənc mütəxəssis kimi bitirmişdir. 25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, əsgərlik dövrü onun həyatında dərin iz buraxmışdır.

Asəf Nəsibov ilk əmək fəaliyyətinə Bakıda xəritə mühəndisi kimi başlamışdır. Bir il burada işlədikdən sonra doğulub boya-başa çatdığı Qazax rayonuna qayıtmış, burada rayon yol istismar idarəsində kiçik mühəndis vəzifəsində işləmişdir. Bir müddət sonra yeni bir iş təklifi almış və Qazaxdan ayrılmışdır. 2018-ci ilin axırlarından səfərbərliyə çağırılanadək İqtisadiyyat Nazirliyi tabeliyində olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də baş mütəxəssis işləmişdir. Onu qarşıdakı illərdə daha böyük işlər gözləyirdi.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliklə bağlı komplektləşdirilməyə cəlb olunmuşdur.

Atası Səfəralı kişi danışır:

- Səfərbərliyə çağrılanda Asəf Bakıdan birbaşa hərbi komissarlığa gedib. Gəlib heç bizimlə görüşmədi də. Asəf çox qorxmaz və qətiyyətli idi. Getdiyi yoldan qalibiyyətlə dönəcəyinə inanırdı. Ona görə də Qazaxdan müharibəyə gedəndə yoldaşlarına deyib ki, "Tezliklə torpağı alıb qayıdacağıq, onda görüşərik".

Anası Xədicə xanım oğluna toy edə bilmədiklərinə görə yanıb-yaxılır:

- Arzumuz ürəyimizdə qaldı. Bir il idi ki, nişanlı idi. Noyabrda toyunun olacağını gözləyirdik, qismət olmadı, - deyir.

Müharibə Asəf Nəsibova tanış idi. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acılarını görmüşdü. Ona görə də Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərə qatılanda müharibə heç də ona çətin gəlmədi. Bu səbəbdən də qətiyyətlə vuruşur, düşmənə aman vermirdi. Motoatıcı piyada taborunun tərkibində kəskin nişançı (snayperçi) idi. Hədəf gözündən yayınmırdı.

Onunla bir yerdə müharibəyə gedib bir yerdə də xidmət edən Orxan İlyazov danışır ki, Laçın dəhlizinə gedən yolda idik. Döyüşdə mən yaralanmışdım. Həm də mövqeyimiz təhlükəli idi. Bu zaman Asəf özünü yetirdi. Həm uşaqları təhlükədən qurtardı, həm də məni çiyninə alıb döyüş meydanından çıxartdı.   

Asəf Nəsibov Cəbrayılın, Qubadlının, Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. 28 oktyabr 2020-ci il tarixində Laçın istiqamətində olan vuruşmada isə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Asəf Nəsibov Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.





 

GOYEZEN.AZ



Facebook-da paylaş