• Təqvim

  • Maraq



Güllə onu tutmurdu


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu haqqında yazılmış "Güllə onu tutmurdu" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Güllə onu tutmurdu

 

Çox cəld, mərd və mübariz idi Əhməd. O qədər çevik idi ki, bir anda irəli gedir və qarşıdakı maneəni məhv edirdi. Bir göz qırpımında gözə görünmür, bir göz qırpımında qarşından çıxa bilirdi. Döyüşdə isə od parçasına dönürdü. Belə cəld və çevik olmasına görə döyüş yoldaşları deyirdilər ki, Əhmədi güllə tutmaz.

Məmmədov Əhməd Nazim oğlu 25 avqust 1994-cü ildə Qazax rayonunun dağlar qoynunda yerləşən Fərəhli kəndində dünyaya gəlmişdi. Ondakı bu cəldlik və çeviklik doğulduğu torpağın havasından, suyundan və gözəl təbiətindən irəli gəlirdi. 2000-ci ildə Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə gedəndə öz bacarığı, nizam-intizamı, qoçaqlığı ilə həmyaşıdlarından fərqlənirdi. Əhməd 2009-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra təhsilini Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbində davam etdirdi və 2011-ci ildə kamal attestatı aldı.

Həyatının ən qaynar çağı, ən mühüm hissəsi ondan sonra başlayırdı. Gələcəkdə hansı yolu seçməli, hansı arzunun dalınca getməli? Əhməd bu suallara hərbi xidmətdə olan zaman - 2012-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılandan sonra tapdı. Əsgərlik dövründə qəti olaraq qərara aldı ki, hərb sahəsində xidmət etsin. 2014-cü ilin aprelində hərbi xidmətdən tərxis olunduqdan sonra bu arzusunu həyata keçirdi.

Atası Nazim kişi deyir ki, Əhməd əsgərlikdən gələndən sonra hərbçi olacağını dedi. Fikrində qəti idi. Ona görə də evdə heç dayanmadı, sənədlərini götürüb Bakıya getdi. Mayın 17-dən hərbi xidmətə başladı.

Onun şəhidlik zirvəsinə ucalan yolu belə başladı. Atası bir də onu dedi ki, general Polad Həşimov şəhid olandan sonra Əhmədin üzü gülmürdü. O, hər zaman şəhid generalın intiqamını alacağı günü gözləyirdi. Həmin günü isə o, özü getdikcə yaxınlaşdırırdı. Çünki işğal altında olan torpaqlarımızı azad etmək onun ən böyük arzusu idi.

...Əhməd Məmmədov Qazaxda "N" saylı hərbi hissədə xidmət edirdi. Komandanlığa könüllü olaraq döyüş bölgəsinə getmək istədiyini bildirib. Bu arzusuna çatmaq üçün kəşfiyyat qrupundan xüsusi dözümlülük və qətiyyət tələb edən Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) keçib. Könüllü olaraq Vətən müharibəsinə yollanıb. Yoldaşlarına deyib ki, müharibəyə getdiyimi evimizə deməyin. Ona görə də atasının, qardaşının, həyat yoldaşı Türkanənin də onun bu hərəkətindən xəbərləri olmayıb.

Nazim kişi danışır ki, Əhməd hərdənbir telefonla zəng edib Qazaxda olduğunu desə də, evə gəlmirdi. Şübhələnmişdim. Həmkəndlim, Əhmədin qohumu Elfak Daşdəmirov şəhid olmuşdu. Onun dəfnində Əhmədin iştirak etmədiyini görəndə başa düşdüm ki, o, artıq müharibədədir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), kəşfiyyatçı, kiçik çavuş Əhməd Məmmədovun döyüş yolu Cəbrayıldan başlayıb. Cəsurluğu, mübarizliyi ilə fərqlənərək həmişə öndə olub, Şuşanın azad olunmasına qədər gedən qanlı savaşda şərəfli bir döyüş yolu keçib.

Əhməd Məmmədovun döyüş yoldaşı Eyyub Eyyubov deyir:

- Noyabrın 8-də Şuşa qalasının girişindəki Qala qapısının yanında qəfildən ermənilərlə üz-üzə gəldik. Əhməd cəld hərəkət edib avtomat silahdan atəş açdı, 5 ermənini yerindəcə məhv elədi.

Əhməd Məmmədov şəhid olan və yaralı döyüş yoldaşlarına kömək etməklə yanaşı, onları döyüş meydanından çıxarıb. Bir az keçmiş şəhərin içində düz üstünə gələn erməni tankı ona atəş açıb. Bu dəfə düşmən mərmisi Əhmədin gənc ömrünə son qoyub, həmişə ondan yan keçən güllə bu dəfə...

26 yaşı yenicə tamam olmuş Əhməd Məmmədov qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşları Əhmədin qanını yerdə qoymayıb, həmin tankı yerlə-yeksan edərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv ediblər.      

Şəhid kiçik çavuş Əhməd Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.



 

GOYEZEN.AZ



Facebook-da paylaş