Şəhidlik zirvəsini fəth edənlər heç vaxt unudulmur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Vətən torpaqlarının qorunmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir
Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda
çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Çünki Vətən torpağı tam olsun deyə canından, qanından keçərək Şəhidlik
zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğul
və qızlarımızı yad etmək hər birimizin ən müqəddəs borcu və başlıca vəzifəsi
olmalıdır. Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan
zaman anlamalıdır ki, Şəhidlik adlı zirvəyə yol ancaq Vətəni,
torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu
gedənlər, Şəhidlik adlı zirvəni fəth edənlər isə adlarını Vətənimizin, dövlətimizin tarixinə,
xalqımızın yaddaşına qızıl hərflərlə yazırlar. "Torpaq, uğrunda
ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu
gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli,
Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın
şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad
edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – çavuş Davud Qurbanovun,
Rafiq İsmayılovun, Babək Rüstəmovun, Əhməd Əliyevin, Əhməd Əhmədovun, Elçin İsmayılovun,
Bəkir Həsənovun, Ruslan Aslanovun, Çərkəz Həsənovun əziz xatirəsini yad
edirik. Çavuş Qurbanov Davud Tariyel
oğlu
İsmayılov Rafiq Namaz oğlu
İsmayılov
Rafiq Namaz oğlu 15 fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan
olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində
erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır
yaralanmış, bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid
statusu verilmişdir. Rüstəmov Babək Muraz oğlu
Rüstəmov
Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinfinə
daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına
çağırılmışdır. Rüstəmov Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun
Səhləbad kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Əliyev Əhməd Mirzə oğlu
Əliyev
Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd orta məktəbinin 1-ci sinfinə daxil
olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1989-cu ildə
sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur.
1993-cü ildə Azərbaycan Milli Ordu sıralarına çağırılmışdır. 12 yanvar 1993-cü
ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay
idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır. Əhmədov Əhməd Nuru oğlu
Əhmədov
Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə
daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1990-cı ildə
hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. İsmayılov Elçin Murğuz oğlu
İsmayılov
Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1987-ci ildə Kosalar kənd
orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin 10-cu
sinfini bitirmişdir. 1998-ci il
yanvar ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə
çağırılmşdır. 1999-cu il fervralın
16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid
olmuşdur. Həsənov Bəkir Oruc oğlu
Həsənov
Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1958-ci ildə Aşağı
Əskipara kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbin 10-cu
sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həsənov Bəkir Oruc oğlu 30
dekabr 1993-cü ildə şəhid olmuşdur. Aslanov
Ruslan Yaqub oğlu
Aslanov Ruslan Yaqub oğlu 19 fevral 1969-cu ildə
Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1977-ci il ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1987-ci ildə həmin orta məktəbi
bitirmişdir. 1988-1990-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət
etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra polis əməkdaşı kimi xidmət
etmişdir. Aslanov Ruslan Yaqub oğlu 28 fevral 1992-ci ildə Bala Cəfərli kəndində
polis əməkdaşı olaraq xidməti vəzifəsini icra edərkən şəhid olmuşdur. Çaylı kəndində
bir bulağa şəhid Ruslan Aslanovun adı verilmişdir. Həsənov Çərkəz Muxtar oğlu
Həsənov
Çərkəz Muxtar oğlu 21 fevral 1966–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş
ailəsində anadan olmuşdur. 1973-cü ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci
sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.
1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1990-cı
ildə Qazax rayon Polis şöbəsində polis nəfəri kimi iş fəaliyyətinə başlamışdır.
18 iyul 1992-ci ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə itkin
düşmüşdür. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə ölmüş hesab
edilmişdir. Evlidir. 2 övladı var. Ailəsi Gəncə şəhərində qeydiyyatdadır. Dövlət
tərəfindən ailəsi evlə təmin olunmuşdur.
Şəhid
Çavuş Qurbanov Davud Tariyel oğlu 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan
olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta
məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı
məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının
"İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur.
2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU)
bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və
2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında "Space”
televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və
iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından "Azad Azərbaycan”
(ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır.
Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindənhəqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət müddətində minaatan batareyada
manqa komandiri vəzifəsində kiçik çavuş rütbəsiylə xidmət etmiş və bu müddətdə
çavuş rütbəsinə qədər yüksəlmişdir. Davud Qurbanov 03.10.2020-ci ildə
Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd
qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən
torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən
döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş