Əsas Səhifə > Şəhidlər > Şəhidlik zirvəsini fəth edənlər heç vaxt unudulmur
Şəhidlik zirvəsini fəth edənlər heç vaxt unudulmur21-02-2021, 12:41 |
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətən torpaqlarının qorunmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Çünki Vətən torpağı tam olsun deyə canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğul və qızlarımızı yad etmək hər birimizin ən müqəddəs borcu və başlıca vəzifəsi olmalıdır. Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan zaman anlamalıdır ki, Şəhidlik adlı zirvəyə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənlər, Şəhidlik adlı zirvəni fəth edənlər isə adlarını Vətənimizin, dövlətimizin tarixinə, xalqımızın yaddaşına qızıl hərflərlə yazırlar. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – əsgər Davud Qurbanovun, Rafiq İsmayılovun, Babək Rüstəmovun, Əhməd Əliyevin, Əhməd Əhmədovun, Elçin İsmayılovun, Bəkir Həsənovun, Ruslan Aslanovun, Çərkəz Həsənovun əziz xatirəsini yad edirik. Əsgər Qurbanov Davud Tariyel oğlu
Şəhid əsgər Qurbanov Davud Tariyel oğlu 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan
olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta
məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı
məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının
"İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur.
2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU)
bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və
2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında "Space”
televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və
iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından "Azad Azərbaycan”
(ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır.
Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindənhəqiqi hərbi xidmətə çağırılmışdır. Davud Qurbanov 02.10.2020-ci ildə
Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd
qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
|