Qazaxda Vətən müharibəsi qazisi SHXÇDX-nin Qazax Rayon Şöbəsində işlə təmin olundu
Bu gün fəxrlə deyə bilərik ki, 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda başlayan haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax şəhər sakini, III dərəcəli Vətən müharibəsi əlili leytenant Vəliyev Tural İsa oğludur.
Tural Vəliyev ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 9-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdu.Oktyabrın 30-dan 31-nə keçən gecə Xocavənd istiqamətində gedən döyüşlərdə piyada əleyhinə minaya düşən T.Vəliyevə sağ ayağının daban sümüyünün yerdəyişmiş açıq qəlpəli yarası diaqnozu qoyulub. III dərəcəli Vətən müharibəsi əlili olan Tural kimi oğullarımızla bu gün nəinki doğma el-obası, həm də bütün Azərbaycan xalqı fəxr edib, qürur duyur.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur. Bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Vətən müharibəsi əlili Tural Vəliyev də bu gün dövlətin qayğısı ilə tam əhatə olunub.
O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq Əmrinə əsasən Xidmətin Qazax Rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi vəzifəsinə təyin edilib. Bu, dövlətin Tural Vəliyevin timsalında şəhid ailələrinə, müharibə əlillərinə, iştirakçılarına olan növbəti qayğısıdır.
Biz də öz növbəmizdə igid Vətən oğlunu yeni təyinatı münasibətilə səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Məlumat üçün qeyd edək ki, Qazax şəhəri Ə.Süleymanov (indiki H.Arif) küçəsi ev 5/48 ünvanında qeydiyyatda olan Vəliyev Tural İsa oğlu 25 aprel 1991-ci ildə Latviya Respublikasının Dobel şəhərində hərbçi ailəsində anadan olub. 2008-ci ildə Qaradağ rayon 1 saylı tam orta məktəbin 11-ci sinifini bitirib. 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının tarix-coğrafiya ixtisasına qəbul olub. 2012-ci ildə həmin institutu bitirib. 2012-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. 2013-cü ilin iyul ayında tərxis olunub. 2014-cü ilin dekabr ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 3 aylıq ehtiyat zabit kursunu oxuyub. 2015-ci ilin fevral ayında Müdafiə Nazirliyinin Əmrinə əsasən Leytenant rütbəsi verilib. 2015-ci ilin mart ayından 2016-cı ilin aprel ayınadək "N” saylı hərbi hissədə bölük komandirinin şəxsi heyət ilə iş üzrə müavini vəzifəsində işləmişdir. 2016-cı ilin aprel ayından oktyabr ayınadək Daşkəsən rayon "N” saylı hərbi hissədə həmin vəzifəni davam etdirmişdir.
Oktyabr ayında xidməti müddəti başa çatdığı üçün ehtiyata buraxılıb. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 9-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 30-dan 31-nə keçən gecə Xocavənd istiqamətində gedən döyüşlərdə piyada əleyhinə minaya düşüb. Sağ ayağının daban sümüyünün yerdəyişmiş açıq qəlpəli yarası diaqnozu qoyulub. Müalicə aldıqdan sonra 30.12.2020-ci il tarixdə tərxis olunub. 23.06.2021-ci il tarixdə III qrup əlillik dərəcəsi təyin olunub.
Tural Vəliyevin döyüş meydanında göstərdiyi igidlik Respublika Prezidenti İlham Əliyev tərəfindən də qiymətləndirilib. O, ölkə Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəlidir, 1 övladı var.
GOYEZEN.AZ
Facebook-da paylaş