İcra başçısı Vətən müharibəsində yaralanan və Türkiyədən müalicədən qayıdan Röyal Kərimovu evində ziyarət edib
Bu gün fəxrlə söyləyə bilərik ki, 44 günlük Vətən
müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin
elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs
Vətən torpağı uğrunda 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşının
ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən
müharibədə Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü düşmənin sonadək bütün
torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur
simvolu Şuşanın işğaldan tam azad edilməsi ilə başa çatdı. Və yola
saldığımız 2020-ci il Azərbaycanın hərb tarixinə Qələbə, Zəfər dolu bir il kimi
yazıldı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn
kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibinin kim
olduğunu göstərdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi.
Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı
döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq
hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən
tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə,
hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin
ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan
qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları
tanımalı və tanıtmalıyıq. 44 günlük Vətən müharibəsində iştirak edən və
qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə
ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "İgidliyə görə”, "Füzulinin
azad olunmasına görə”, "Qubadlının
azad olunmasına görə” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğludur. Oktyabrın 29-da Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir
çox orqanları zədə alan Röyal Kərimov kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik. YAŞAT Fondu tərəfindənxeyli müddətdir ki, qardaş ölkə Türkiyədə müalicə alan igid Vətən
oğlu artıq öz evindədir. Heç kəsə sirr deyil ki, Respublika Prezidenti İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən
tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin
olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə
üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan
rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam
etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir,
qayğıları ilə maraqlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov Türkiyədən müalicədən qayıdan Röyal Kərimovu evində
ziyarət edib. Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanov, həmin
şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli ilə birlikdə müalicəsini ev
şəraitində davam etdirən yaralımızın səhhəti və qayğıları ilə
maraqlanıb. 44 günlük Vətən müharibəsində iştirak edən bütün
hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı yaralımıza
tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında
44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Röyal
kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də
vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını
itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir
dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək
qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini
bildirib.
Döyüş yolundan ürək dolusu danışan Röyal Kərimov döyüş
yoldaşları ilə birlikdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu söyləyib. O,
yaralansa belə düşməndən qisasını aldığını, torpaqlarımızı işğaldan azad etmək,
düşmənə layiq olduqları yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur
hissi ilə danışıb. Yaralı Röyal Kərimov ölkə Prezidentinə, Birinci
vitse-prezidentə və icra başçısına bütün şəhid ailələrinə, hərbçilərə, qazilərə
göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Yaralı kimi dövlətin
qayğısını hər zaman hiss etdiyini, bunun bariz nümunəsi olaraq da YAŞAT Fondu tərəfindən
müalicə olunmaq üçün Türkiyəyə göndərilməsini göstərib. Yaralımızın anası Rahilə Kərimova Vətən
müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini və qürur duyduğunu
dilə gətirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə isə
Allahdan şəfa diləyib. Qazilərimizə göstərilən
qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə
ailəsi adından razılığını bildirib. Bugünkü görüşü dövlətimizin yaralı hərbçilərimizə
olan növbəti qayğısı kimi qiymətləndirib.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov sonda bir daha əldə
etdiyimiz böyük Zəfərə görə Ali Baş
Komandana, şəhidlərimizə, Röyal kimi oğullarımıza borclu və minnətdar
olduğumuzu söyləyib. Məlumat üçün qeyd edək ki, Röyal Kərimov 19 yanvar 2001-ci ildə Qazax şəhərində
anadan olub. 2018-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin
11-ci sinfini bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib.
2020-ci il iyul ayının 17-də xidmətini başa vurub. Həmin gündən də "N” saylı hərbi
hissədə müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb.
29.10.2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi
ilə vurularaq bədəninin bir çox orqanları zədələnib. Əməliyyat olunaraq sol
böyrəyi, dalağı, mədəaltı vəzin 1/3 hissəsi çıxarılıb. YAŞAT Fondu tərəfindən Türkiyə
Respublikasına müalicə məqsədilə göndərilib. Hazırda Türkiyədən qayıdaraq ev şəraitində
müalicə alır. Ailəlidir. Röyal
Kərimov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına
əsasən "İgidliyə görə”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə”, 29.12.2020-ci
il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. GOYEZEN.AZ
Facebook-da paylaş