Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Vətən müharibəsində yaralanan və Türkiyədən müalicədən qayıdan Röyal Kərimovu evində ziyarət edib

İcra başçısı Vətən müharibəsində yaralanan və Türkiyədən müalicədən qayıdan Röyal Kərimovu evində ziyarət edib


10-08-2021, 21:36


Bu gün fəxrlə söyləyə bilərik ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi ilə başa çatdı. Və yola saldığımız 2020-ci il Azərbaycanın hərb tarixinə Qələbə, Zəfər dolu bir il kimi yazıldı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğludur.

Oktyabrın 29-da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədə alan Röyal Kərimov kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik. YAŞAT Fondu tərəfindənxeyli müddətdir ki, qardaş ölkə Türkiyədə müalicə alan igid Vətən oğlu artıq öz evindədir.

Heç kəsə sirr deyil ki, Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Türkiyədən müalicədən qayıdan Röyal Kərimovu evində ziyarət edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli ilə birlikdə müalicəsini ev şəraitində davam etdirən yaralımızın səhhəti və qayğıları ilə maraqlanıb.

44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı yaralımıza tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Röyal kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

 

Döyüş yolundan ürək dolusu danışan Röyal Kərimov döyüş yoldaşları ilə birlikdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu söyləyib. O, yaralansa belə düşməndən qisasını aldığını, torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduqları yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə danışıb. Yaralı Röyal Kərimov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına bütün şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Yaralı kimi dövlətin qayğısını hər zaman hiss etdiyini, bunun bariz nümunəsi olaraq da YAŞAT Fondu tərəfindən müalicə olunmaq üçün Türkiyəyə göndərilməsini göstərib.

Yaralımızın anası Rahilə Kərimova Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini və qürur duyduğunu dilə gətirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə isə Allahdan şəfa diləyib. Qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə ailəsi adından razılığını bildirib. Bugünkü görüşü dövlətimizin yaralı hərbçilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha əldə etdiyimiz böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, Röyal kimi oğullarımıza borclu və minnətdar olduğumuzu söyləyib.

Məlumat üçün qeyd edək ki, Röyal Kərimov 19 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olub. 2018-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci il iyul ayının 17-də xidmətini başa vurub. Həmin gündən də "N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb. 29.10.2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədələnib. Əməliyyat olunaraq sol böyrəyi, dalağı, mədəaltı vəzin 1/3 hissəsi çıxarılıb. YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasına müalicə məqsədilə göndərilib. Hazırda Türkiyədən qayıdaraq ev şəraitində müalicə alır. Ailəlidir.

Röyal Kərimov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

GOYEZEN.AZ


Geri qayıt