• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Vətən müharibəsində yaralanan və Türkiyədən müalicədən qayıdan Anar Həsənovu evində ziyarət edib


Bu gün fəxrlə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Hərbi xidmətlərə görə” "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax rayon Xanlıqlar kənd sakini əsgər Həsənov Anar Rasim oğludur.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunan Anar Həsənov Vətən müharibəsində qəhrəmancasına vuruşub. Oktyabrın 17-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əl, ayaq və kürək nahiyəsindən qəlpə yaraları alan Anar kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik. YAŞAT Fondu tərəfindən xeyli müddətdir ki, qardaş ölkə Türkiyədə müalicə alan igid Vətən oğlu artıq öz evindədir.

Heç kəsə sirr deyil ki, Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Türkiyədən müalicədən qayıdan Anar Həsənovu evində ziyarət edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri ibirlikdə müalicəsini ev şəraitində davam etdirənyaralımızın səhhəti və qayğıları ilə maraqlanıb.

44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı yaralımıza tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Anar kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək yaralımıza göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Yaralı Anar Həsənov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına bütün şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Yaralı kimi dövlətin qayğısını hər zaman hiss etdiyini, bunun bariz nümunəsi olaraq da YAŞAT Fondu tərəfindən müalicə olunmaq üçün Türkiyəyə göndərilməsini göstərib.

 

Yaralımızın nənəsi Bağdasər Həsənova Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib. Qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Bugünkü görüşü dövlətimizin yaralı hərbçilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha əldə etdiyimiz böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, Anar kimi oğullarımıza borclu və minnətdar olduğumuzu söyləyib.

Məlumat üçün qeyd edək ki, Həsənov Anar Rasim oğlu 3 oktyabr 2000-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbi bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci ilin iyun ayında xidmətini başa vurub. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub.Oktyabrın 17-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əl, ayaq və kürək nahiyəsindən qəlpə yaraları alıb. 18.10.2020-ci il tarixdən YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasına müalicə məqsədilə göndərilib. Hazırda Türkiyədən qayıdaraq ev şəraitində müalicə alır. Subaydır.

Anar Həsənov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

GOYEZEN.AZ



Facebook-da paylaş