• Təqvim

  • Unutma

  • Maraq



Azərbaycan özünə güvənməli və öz gücünü artırmalıdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərək jurnalistlərin 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Artıq dünya səviyyəsində yeni amillərin özünü qabarıq şəkildə göstərdiyini deyən Prezident İlham Əliyev bununla əlaqədar öz fikirlərini bildirib. Qeyd edib ki: "Əgər yadınızdadırsa, artıq son illərdə, hətta pandemiyaya qədər mən öz çıxışlarımda dəfələrlə deyirdim ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq”.

Dünya artıq yeni düzənə daxil olub. Vaxt var idi ki, dövlətlər, eləcə də insanlar beynəlxalq hüquqa inanır və ümid edirdilər ki, bu yolla beynəlxalq münaqişələr öz həllini tapacaqdır. Necə ki Azərbaycan uzun illər bu ümidlə yaşadı və beynəlxalq təşkilatlıarın fəaliyyətinə, beynəlxalq hüququn aliliyinə ümid bəslədi. Amma uzun illər bu ümid ilə yaşayan xalqımız gözləməkdən, ümid etməkdən bezib yoruldu. Biz gördük və bir daha əmin olduq ki, ənənəvi qaydalar artıq işləmir. "Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm dediyimiz bir toplum bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Yəqin ki, siz də bunu izləyirsiniz. Ona görə mənim üçün artıq son illər ərzində tam aydın idi ki, ənənəvi yollarla, yəni, Minsk qrupunun xətti ilə, yaxud da vasitəçilik xətti ilə biz öz torpaqlarımızı geri ala bilməyəcəyik”.

Prezident İlham Əliyev qeyd edib ki, danışıqların səmərə verməməsi, Ermənistanın ötən illər ərzində cəzasız qalması bizə yeni reallıqları diktə elədi. Biz gördük və bir daha əmin olduq ki, ümid yalnız özümüzə qalıb. Bunun üçün biz hərbi və iqtisadi cəhətdən güc toplamalı idik. Belə də etdik və heç kimdən asılı olmamaq üçün bütün qüvvələrimizi səfərbərliyə aldıq. Ölkə başçısı qeyd edib ki: "…hər zaman deyirdim ki, biz öz gücümüzə güvənməliyik, daha güclü olmalıyıq, gücümüzü artırmalıyıq, daha güclü ordu yaratmalıyıq. İqtisadiyyatı gücləndirməliyik ki, heç kimdən asılı olmayaq. Çünki təsəvvür edin, əgər biz indi iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, nə gündə olacaqdıq. Bizə heç kim imkan verməzdi öz torpaqlarımızı güc tətbiq etməklə azad edək. Ona görə biz bütün bu istiqamətlərdə ardıcıl iş aparırdıq, əlbəttə ki, beynəlxalq davranış qaydalarını gözləmək şərti ilə. Əlbəttə ki, bizə vaxt lazım idi və əminlik lazım idi. Çünki torpaqlarımızın azad edilməsində biz ancaq uğur qazanmalı idik”.

Bu gün dünyanın düzəni dəyişib. Böyuk ölkələr beynəlxalq hüquqa, onun tələblərinə əməl etmir və bunu açıq şəkildə öz hərəkətləri ilə göstərirlər. Belə olduğu halda, başqa ölkələrin əlində öz başlarına özləri çarə qılmaqdan başqa seçimləri qalmır. "Bütövlükdə baxdıqda, əgər Azərbaycan kontekstindən çıxsaq, görərik ki, bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Yəni, bu, mən buna siyasi sinizm deyirəm, artıq ifrat dərəcəyə çatıb. Əgər belədirsə, əgər bu qaydaları işləyən, bu qaydaları İkinci Dünya müharibəsindən sonra təsdiqləyən ölkələr özlərini belə aparırlarsa, onda başqa ölkələr nə etsin? Onda başqa ölkələr də, onlar da özünə, necə deyərlər, öz başına çarə qılmalıdırlar”.

Bəzi ölkələrin hələ də beynəlxalq hüquqa inanıb həqiqətin qalib gələcəyinə ümid bəsləyərək gözlədiklərini qeyd edən ölkə başçısı bildirib ki: ”Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək, onlar, indi, hesab edirəm ki, peşmançılıq çəkirlər”.

Azərbaycanın da belə bir dönəmdən keçdiyini vurğulayan Prezident qeyd edib ki, bizim də sülh danışıqlarına böyük ümidlərimiz olub və inanmışıq ki, biz ədalətliyik və beynəlxalq hüquqa uyğun olaraq işğal faktı aradan qaldırılacaqdır. Ölkə başçısı qeyd edib ki: "Bizim üçün də bu müddət olub və mən gizlətmirəm. Prezident vəzifəsinə seçiləndən sonra mənim də ümidlərim var idi. İlkin mərhələdə mən də hesab edirdim ki, bu məsələni, Qarabağ məsələsini sülh yolu ilə həll etmək olar. Bizə elə gəlirdi ki, təklif etdiyimiz variantlar məntiqlidir, ədalətlidir və beynəlxalq hüquqa tam uyğundur. Hətta təəccüb edirdim ki, nə üçün bunu qarşı tərəf, yaxud da vasitəçilər başa düşmürlər”.

Vaxtilə özünün də beynəlxalq hüquqa inandığını və ona ümid bəslədiyini qeyd edən Prezident bildirib: "…mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil”.

Münaqişələrin həllində vaxtın, seçilmiş zamanın mühüm əhəmiyyət daşıdığını qeyd edən Prezident bildirib ki: "Bilirsiniz, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz gücünə güvənməli və bu məqsədlə öz gücünü artırmalıdır. ”Biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.

Elçin İSMAYIL,

"Göyəzən” qəzetinin baş redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

"Tərəqqi” medalı və "Qızıl qələm” mükafatı laureatı



Facebook-da paylaş