Prezident İlham Əliyev: “Azərbaycan mülki şəxslərə və obyektlərə hücum etmir”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Amerika Birləşmiş
Ştatlarının "Fox News” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibə zamanı söylədiyi
fikirlərin bir hissəsini təqdim edirik. Hərbi
əməliyyatlara Ermənistan başlayıb və məqsədi danışıqlar prosesini tamamilə
pozmaq idi. Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta
kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan
Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi. Ermənistan
avqustda Azərbaycanın hərbi mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi
qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar
ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk
saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu
vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs
yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli
və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin
mühüm hissəsini azad edilib. Azərbaycanın
mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.
Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun
idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən
qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki,
qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal
çıxarsın. Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının qətnamələrinə uyğundur. Sülh
planında muxtariyyət yox idi. Vasitəçilər tərəfindən - Amerika Birləşmiş
Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı
heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi,
muxtariyyət əsla yoxdur. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında
yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar
yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz
qalmışdır, - Azərbaycana qaytarılması deyilir. Bütün azərbaycanlılar Dağlıq
Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi,
Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər
qovulmuşdur. Azərbaycan
müharibədə məğlub olmamışdı. Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü
uduzmuşdu. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Azərbaycanda daxili
qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. Ermənistana
açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın
etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini
erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda
yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya
qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar. Azərbaycan
humanitar atəşkəs şərtlərinə əməl edir. Azərbaycan atəşkəsə hazır idi.
Oktyabrın 10-da Moskvada Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri
və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin
növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə,
toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə
hücum etdi. Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs
barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı,
gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız
iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması
barədə sübut yoxdur. Azərbaycan
yenidən atəşkəsə hazırdır. Azərbaycan atəşkəsə hazırdır. Bu ölkə prezidenti tərəfindən
dəfələrlə dilə gətirilib. Ermənistan, onun baş naziri deməlidir ki, onlar
Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas
prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki,
Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Azərbaycan atəşkəs və
torpaqlarının qaytarılmasını istəyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə,
ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları
boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir. Azərbaycan
mülki şəxslərə və obyektlərə hücum etmir. Azərbaycan mülki şəxslərə və dini məkanlara
hücum etmir. Şuşada kilsədə baş verənlər ya səhv olub, - buna Azərbaycan rəhbərliyi
rəsmi münasibət bildirib, ya da Azərbaycanı günahlandırmaq üçün ermənilərin özləri
tərəfindən törədilib. Qondarma "Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə
hərbi hədəflər olub və oraya hücumlar yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan
sonra Azərbaycan Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməyib.
Lakin onlar hücum ediblər. Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası”nın
paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdı, çünki hərbi bazalar, hərbi
infrastruktur şəhərdə yerləşir. Azərbaycanın dronları Ermənistan tanklarını və
başqa hərbi hədəfləri məhv edir. İndiyədək dronlar 230-dan çox tankı məhv edib.
Azərbaycan onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə
zirehli texnikasını sıradan çıxarıb. Dronlardan mülki şəxslərə qarşı istifadə
edilmir. Bu, yanlış məlumatdır. Azərbaycan
tərəfində muzdluların döyüşdüyü dezinformasiyadır. Bu, dezinformasiyadır.
Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə
ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Sübutlar, dəlillər tələb edildi
və hələ də tələb edilir. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək
nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb. Prezident
Trampın "New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız?
dezinformasiyadır. Heç bir dəlil, heç bir sübut yoxdur. Dəlil versinlər, sadəcə.
Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər, bir neçə
gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl müasir
avadanlıq. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna
xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini
azaltmaq məqsədi daşıyan dezinformasiyadır. Azərbaycanın iqtisadi göstəriciləri
dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4
faizdən azdır. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Azərbaycanda
yoxsulluq səviyyəsi 5 faizdir. Ciddi sosial problem yoxdur. COVID-19-la bağlı
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Azərbaycan
30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərib.
İqtisadiyyat sabitdir, davamlıdır. Azərbaycanın bəzi daxili problemləri
ört-basdır etmək üçün müharibəyə başlamasına ehtiyac yoxdur. Bu, qarşı tərəfdə
belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın
diqqəti yayındırmağa ehtiyacı var. Razılaşma
beynəlxalq hüquqa əsaslanmalıdır. ABŞ Minsk qrupunun üç həmsədrindən
biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına
sahibdir. Bu, tərəflərin nə istədiyinə deyil, beynəlxalq hüquqa əsaslanmalıdır.
Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi
kimi tanınıb. Azərbaycan Dövlət Katibi Pompeodan nə gözləyə bilər – birincisi,
baş nazir Paşinyanın nümayəndəsinə desin ki, "diplomatik həll yoxdur” kimi bəyanatlar
yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır”
kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar
işğal olunmuş ərazilərdən çıxmaqla bağlı vaxt cədvəli verməlidirlər. Bütün bu
vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı
döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir. Türkiyə
Azərbaycanın ən yaxın müttəfiqi və dostudur, amma sadəcə siyasi dəstək verir. Türkiyə
Azərbaycana siyasi dəstək verir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə
böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına
haqqı var. Ermənistanın öz müttəfiqləri var. Türkiyənin müharibə çağırışı
yoxdur. Qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək
verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın
yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə
etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır. Azərbaycan
məsələnin diplomatik həllinə inanır. Əks halda Azərbaycan 17 il ərzində
danışıqlarda iştirak etməzdi. Əgər müharibəyə Azərbaycan başlayıbsa, niyə 17 il
gözləyirdi? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə
də, diplomatik həll masa üzərindədir. Azərbaycan arzu edir ki, hərbi həll bu gün
dayansın və danışıqlar masasına keçilsin. Əfsuslar olsun ki, bu hərbi amil
çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, –
bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, -
substantiv danışıqlara nə qədər tez başlanılsa, həll yolu bir o qədər tez
tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır. Münaqişə ərzində
Azərbaycanın bütün səyləri aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi
daşıyıb. Azərbaycan münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada
beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinədir. Ermənistanın etmək istədiyi məhz
budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər.
Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Azərbaycan başqa ölkələrin
müdaxilə etməsinə qarşıdır. Rusiyanın hərbi bazası Ermənistandadır, Dağlıq
Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş
edirdilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün region ölkələri və
bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar. Ermənistan
enerji xətləri və infrastrukturlarını hədəf seçir. Ermənistanın yüksək rütbəli
rəsmilərinin bəyanatları var ki, onlar Azərbaycanın strateji neft
infrastrukturuna, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük
neft-qaz terminalına hücum edəcəklər. Azərbaycandan Avropaya və dünyaya
neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi. Azərbaycan özünü müdafiə
edir. Bakıdan Aralıq dənizinə neft kəməri 2006-cı ildə istismara verilib və heç
bir fasilə olmadan işləyir. Azərbaycandan Türkiyəyə qaz kəməri 2007-ci ildə
istismara verilib. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə kəməri
qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana
iqtisadi ziyan vurmaq istəyən Ermənistandır. Azərbaycan
ABŞ-ın vasitəçiliyini tam dəstəkləyir. Prezident Trampın münaqişənin həlli ilə
bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Bununla bağlı onun
mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi
balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Eləcə də
digər həmsədrlər tərəf tutmamalıdırlar. Çox böyük erməni icmasının təkcə
Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin
olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə
var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini
başa düşürük. Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya Azərbaycan tərəfindən
dəstəklənir. Bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki,
Ermənistan sülh yolu ilə həllə sadiq olsun, hücum etməyi dayandırsın və
qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün. Azərbaycan həmişə Amerika Birləşmiş
Ştatlarının həqiqi tərəfdaşı olub. Beynəlxalq terrorçuluqla mübarizədə bir yerdədir,
Əfqanıstanda bir yerdədir, hərbi qulluqçuları Əfqanıstanda saxlayır və bununla
sülhməramlı əməliyyatlara öz töhfəsini verir. Amerika Birləşmiş Ştatlarının
güclü dəstəyi ilə Azərbaycan önəmli layihələri tamamlayıb. Azərbaycan və
Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika
Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və həqiqətən də dostuq. Ona görə
burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Amerika super
gücdür. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə
Azərbaycanı dəstəkləmişdir. Bu gün ikitərəfli əməkdaşlıq bəlkə də, ən yüksək səviyyədədir.
Bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa
inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir. Azərbaycanın
beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri
var. Azərbaycan Prezidenti İlham Əliyev Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda
Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşüb. Cənab Baydenlə
ikitərəfli görüşləri olub. İkitərəfli münasibətlərin bir çox məsələlərini, o
cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edib. ABŞ-ın
xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik.
İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə Azərbaycandan
asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Azərbaycan
Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz
ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan
və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola biləcəyini
düşünür. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Azərbaycan
münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edir. Ermənilər və azərbaycanlılar
Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı
kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilərlər. Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin
olunacaq. GOYEZEN.AZ
Facebook-da paylaş