Prezident İlham Əliyev: “İtalyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”
Vətən müharibəsinin birinci ildönümünün qeyd olunduğu ərəfədə bir çox dövlətlərin aparıcı televiziyaları və media orqanları Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevdən müsahibə almaqdadır. 2021-ci il 7 oktyabr tarixində Prezident İlham Əliyev İtaliyanın "La Repubblica” qəzetinə bölgədə baş verənlərlə bağlı müsahibə verib və qeyd edib ki, Rusiya sülhməramlılarının ötən bir illik fəaliyyəti bəzi xırda insidentlər istisna olmaqla ümumən qənaətbəxşdir. Həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır.
Azərbaycan işğaldan azad olunmuş şəhər və kəndlərində bərpa və yenidənqurma işlərinə başlayıb, bölgədə tikinti-quruculuq işləri sürətlə aparılır. Azad edilmiş torpaqlarımız erməni işğalçıları tərəfindən otuz il ərzində talan edilib, dağıdılıb. Bütün ərazilərimizlə bağlı layihələr, planlar artıq müəyyənləşdirilib, şəhərlərin baş planının layihələri hazırlanıb və bərpa işlərinə başlanılıb. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan minlərlə kvadratkilometrdən çox ərazidə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi böyük güc tələb edir. Dövlət başçısı qeyd edib ki, azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1,3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları inşa edilir. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Yaşayış binalarının tikintisi layihələri hazırlanır. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.
Azad olunmuş ərazilərdə quruculuq işlərinə yerli şirkətlərlə yanaşı, bir çox xarici şirkətlər də cəlb edilib. Bu şirkətlər sırasında Azərbaycanla geniş əlaqələr quran İtaliyanın da təmsilçiləri mövcuddur. Prezident müsahibəsində vurğulayıb ki, İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir. Bu, təsadüfi deyil. Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq.
İtaliya Azərbaycanın ticarət dövriyyəsində ən böyük tərəfdaşıdır. Azərbaycan enerji resurslarını əsasən İtaliya bazarına ixrac edir. Artıq 2021-ci ildən etibarən iki ölkə arasında mavi qaz sahəsində də əməkdaşlıq genişlənib. Azərbaycan əsasən diqqətini Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəldib. Ölkə başçısı qeyd edib ki, ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq.
İşğaldan azad olunmuş torpaqlarda İtaliya şirkətlərinin fəaliyyət göstərməsi İtaliyanın Azərbaycanla strateji müttəfiqliyinin nəticəsidir və hər iki ölkə arasındakı strateji əməkdaşlıq bundan sonra da davam edəcək.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş