• Təqvim

  • Maraq



Cənab Prezidentin hər müsahibəsi informasiya müharibəsindəki qələbəmizdir!


Prezident, Ali Baş Komandan İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strategiya və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistanın işğalçı siyasəti dayandırıldı və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanı bütövləşdirdi. Bir ildən artıqdır ki, xalqımız şanlı qələbənin sevinci ilə yaşayır.

Dövlət başçımızın müdrikliyi sayəsində Azərbaycan informasiya cəbhəsində də qələbə qazandı. İnformasiya savaşında da ölkəmiz dünya erməni lobbisinin və diasporunun son 100 ildə yaratdığı informasiya cəbhəsini darmadağın etdi. İnformasiya cəbhəsindəki qələbəmiz də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövlət başçısının EFE informasiya agentliyinə müsahibəsi müxtəlif başlıqlar altında dünyanın ayrı–ayrı nəşrləri tərəfindən tirajlanmaqda davam etməkdədir. Agentliyin özü də İlham Əliyevin müsahibəsindən çoxsaylı çıxarışlar edib. Eyni zamanda, İsveçrənin "Swissinfo”, Argentinanın "İnfobea”, Paraqvayın "abc.com.py”, İspaniyanın "Eldiario.es”, "Expansion.com”, "Efs.efeservicios.com” və bir çox digər nəşrlər Azərbaycan Prezidentinin müsahibəsində toxunduğu ayrı–ayrı məqamlara xüsusi yer veriblər.

Beləliklə, müharibədə qalib gələn Azərbaycan hazırki informasiya dünyasında uğurla çıxış etməkdədir. Sözsüz ki, Azərbaycan Prezidentinin dünyanın tanınmış media resurslarına verdiyi hər müsahibə informasiya və diplomatiya sahəsindəki qələbəmizdir.

Dayanıqlı sülh üçün rəsmi Bakı dəfələrlə praqmatik addımlar ataraq, qarşı tərəfi 10 noyabr bəyanatında göstərilən müddəları icra etməyə dəvət etsə də Paşinyan rejimi yenə də ikibaşlı siyasəti ilə sövdələşmənin şərtlərinə əməl etməmək üçün manipulyativ addımları ilə seçilir. Azərbaycan Prezidentinin son zamanlar həm Anadolu Agnetliyi, həm "France-24", həm də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində toxunduğu detallar Azərbaycanın post müharibə dövrü ilə bağlı yol xəritəsini açıq-aşkar göstərir. Nəqliyyat kommunikasiyalarının açılması, status məsələsinin birdəfəlik qapadılması, sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyulması, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası, işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin davamı, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına çox qısa zamanda qaytarılması, eləcə də beynəlxalq ictimaiyyətin bölgədəki proseslərə obyektiv reaksiyası bu xəritənin prioritet istiqamətləridir. Lakin görünür, Ermənistanın revanşist ritorikalı hərbi-siyasi rəhbərliyi və havadarları bu gündəliyin icrasına əngəl olmaq üçün yeni planlar üzərində işləyirlər.

Buna rəğmən, rəsmi Bakı bütün istiqamətlər üzrə qarşı tərəflə danışıqlara hazırdır. Azərbaycan tərəfi bunu indiyə qədər baş nazirlərin müavinləri çərçivəsində işçi qrupu, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində isə XİN rəhbərləri səviyyəsində görüşündə mövcud problemlərin tam aradan qaldırılmasında maraqlı olduğunu göstərib. Prezident İlham Əliyev son müsahibəsində "Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır" deməklə bir daha Azərbaycanın 44 günlük müharibə ilə bölgədə yaratdığı yeni reallığı xatırlatdı. Və bundan sonra heç kim, heç bir qüvvə Azərbaycana gündəliyindən kənara çıxmaq üçün uzunmüddətli maneə törədə bilməyəcək. Artıq istisna edilmir ki, Ermənistan tərəfi imzasına, bəyanatın müddəalarına hörmət etməyəcəyi təqdirdə Azərbaycan ərazi bütövlüyünü, təhlükəsizliyini və suverenliyini qorumaq məqsədilə beynəlxalq hüququn imkan verdiyi şəkildə dəmir yumruğunu yenidən işə salacaq.

Elvira ƏFƏNDİYEVA, 
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və
Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri



Facebook-da paylaş