BDU-nun Qazax filialında elmi-praktik konfrans keçirilib
Bakı Dövlət Universitetinin
(BDU) Qazax filialında onlayn formatda elmi-praktik konfrans keçirilib. "İşğala
son: İctimai-siyasi və sosial-iqtisadi aspektlər” mövzusunda keçirilən konfrans
27 sentyabrda başlayıb 10 noyabr tarixində başa çatan Vətən müharibəsində Azərbaycan
Ordusunun şanlı qələbəsinə həsr olunub. BDU-nun Qazax
filialının direktoru, dossent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qeyd
edib ki, Azərbaycanın döyüş, diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri
xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Sentyabrın 27-də
Ermənistan ordusunun başladığı müharibə Silahlı Qüvvələrimizin tarixi Qələbəsi
ilə başa çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu 44 gündə Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini
darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. A.Rüstəmov
müharibədə qazanılmış şanlı qələbəyə görə Ali Baş Komandan, Prezident İlham Əliyev
başda olmaqla bütün Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını bildirib.
Qeyd edib ki, qələbə münasibətilə kollektivin adından ölkə başçısına minnətdarlıq
məktubu göndərilib və həmin məktub president.az saytında və digər informasiya
vasitələrində dərc olunub. A.Rüstəmov
pandemiya dövründə filialda təhsilin onlayn formasında davam etdirildiyini
bildirərək, təhsil ocağında onlayn təhsil üçün hər cür şərait yaradıldığını
qeyd edib. Filialda yaradılan yüksək şəraitə göstərdiyi köməyəgörə BDU-nun rektoru Elçin Babayevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova kollektiv adından öz dərin minnətdarlığını bildirib. Sonra 44 günlük
müharibəyə həsr edilmiş "Azərbaycan Prezidenti tarix yazdı və yazmağa davam
edir” adlı videoçarx nümayiş olunub. Azərbaycan Milli
Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Gəncə Dövlət
Universitetinin və BDU-nun Qazax filialının əməkdaşlarının iştirakı ilə keçirilən
onlayn konfransda Dağlıq Qarabağın tarixinə, Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsinə, bu münaqişənin sosioloji-psixoloji aspektlərinə, müharibə
dövründə İlham Əliyevin nitq siyasətinə, münaqişənin Azərbaycanın iqtisadiyyatına
vurduğu ziyan və onun qiymətləndirilməsinə həsr olunmuş məruzələr dinlənilib. Konfransda
professor Hüseyn Xəlilov, dossent Hürü Şamilova, dossent İlhamə Qəsəbova, fəlsəfə
doktoru Nəsibə Hacıyeva, baş müəllim və müəllimlərdən Mübariz Süleymanov, Ülviyyə
Bayramova, Veyis Adıgözəlov, Hikmət Yusifov, Mustafa Mustafayev məruzələrlə
çıxış ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş