Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında elmi-praktik konfrans keçirilib

BDU-nun Qazax filialında elmi-praktik konfrans keçirilib


25-11-2020, 19:13


Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında onlayn formatda elmi-praktik konfrans keçirilib. "İşğala son: İctimai-siyasi və sosial-iqtisadi aspektlər” mövzusunda keçirilən konfrans 27 sentyabrda başlayıb 10 noyabr tarixində başa çatan Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunub.

BDU-nun Qazax filialının direktoru, dossent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycanın döyüş, diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Sentyabrın 27-də Ermənistan ordusunun başladığı müharibə Silahlı Qüvvələrimizin tarixi Qələbəsi ilə başa çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. A.Rüstəmov müharibədə qazanılmış şanlı qələbəyə görə Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, qələbə münasibətilə kollektivin adından ölkə başçısına minnətdarlıq məktubu göndərilib və həmin məktub president.az saytında və digər informasiya vasitələrində dərc olunub.


A.Rüstəmov pandemiya dövründə filialda təhsilin onlayn formasında davam etdirildiyini bildirərək, təhsil ocağında onlayn təhsil üçün hər cür şərait yaradıldığını qeyd edib. Filialda yaradılan yüksək şəraitə göstərdiyi köməyəgörə BDU-nun rektoru Elçin Babayevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından öz dərin minnətdarlığını bildirib.

Sonra 44 günlük müharibəyə həsr edilmiş "Azərbaycan Prezidenti tarix yazdı və yazmağa davam edir” adlı videoçarx nümayiş olunub.


Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin və BDU-nun Qazax filialının əməkdaşlarının iştirakı ilə keçirilən onlayn konfransda Dağlıq Qarabağın tarixinə, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə, bu münaqişənin sosioloji-psixoloji aspektlərinə, müharibə dövründə İlham Əliyevin nitq siyasətinə, münaqişənin Azərbaycanın iqtisadiyyatına vurduğu ziyan və onun qiymətləndirilməsinə həsr olunmuş məruzələr dinlənilib.

Konfransda professor Hüseyn Xəlilov, dossent Hürü Şamilova, dossent İlhamə Qəsəbova, fəlsəfə doktoru Nəsibə Hacıyeva, baş müəllim və müəllimlərdən Mübariz Süleymanov, Ülviyyə Bayramova, Veyis Adıgözəlov, Hikmət Yusifov, Mustafa Mustafayev məruzələrlə çıxış ediblər.


GOYEZEN.AZ


Geri qayıt