Prezident İlham Əliyev irəli sürdüyü təşəbbüslə BMT tarixində bir ilkə imza atdı
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti və
Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv
ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində
videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi
təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv
dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan
çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir. Bunlar arasında
BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə
qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin
ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu
barədə məlumat vermişlər. Rusiya tərəfi
Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirmiş və Xüsusi Sessiyanın təşkili istiqamətində əməkdaşlığa
hazır olduğunu bildirmişdir. İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq
başlayır. Lakin dövlət və hökumət başçıları səviyyəsində
müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən
asılıdır. BMT tarixində 31 Xüsusi Sessiya
keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın
təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində
və videokonfrans formatında olacaq. Beləliklə, Respublika Prezidenti cənab
İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır. BMT Baş Assambleyası artıq mart ayından
etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da
hələ bilinmir. Payızda pandemiyanın
ikinci dalğasının olacağı gözlənilir. Nəzəri olaraq BMT ümumiyyətlə bu
il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs dünyada mövcud
çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! BMT bütün
dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır. Bəşəriyyətin
BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə
bu qlobal təşkilat bəs niyə məşğul olmur. Belə bir çətin dövrdə kim qlobal
liderliyi öz üzərinə götürməlidir? Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı
pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti
ilə məşğuldur. Bəs məsələnin siyasi,
iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır. Bəşəriyyətin
BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda BMT
görünmürsə, bəs bu problemlə kim məşğul olacaq. Məgər BMT-dən böyük hansısa təşkilat
var? Bu mənada hazırda BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan
qarşısındadır. Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil
olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH-na üzv ölkələrin
müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi
üçün Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv
olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir. BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi,
əlbəttə, bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur
qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki,
qaydalar önəmlidir, lakin yeni reallıq şəraitində BMT də buna uyğunlaşmalı və
çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən
böyük təhlükə ilə üzbəüz qalmışdır. Buna görə də, BMT özünün prosedur
qaydalarının girovuna çevrilərək bu miqyaslı qlobal problemin həllindən kənarda
qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya
verərək prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna
və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını
keçirməlidir. Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin
keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi
nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək
və iradə olmalıdır. İndiki anda bütün dövlətlərdən çeviklik, kompromis ruhunda əməkdaşlıq
tələb olunur. Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzvlərinin
üzərinə düşür. Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin
virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki,
cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk
Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət
başçıları səviyyəsində sammitləri keçirilmişdir. Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Respublika Prezidenti cənab
İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur.
Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı
formatın və modallıqların müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün
qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. Azərbaycan
BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki
sahədə dəstək verməyə hazırdır. Ümidvarıq ki, Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində
nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi
önəmli qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr
nəticəsində bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar
veriləcək. GOYEZEN.AZ
Facebook-da paylaş