• Təqvim

  • Unutma

  • Maraq



Dini radikalizm və ona qarşı mübarizə

Təəssüf doğuran haldır ki, son on illikdə dini radikalizm kəskin surətdə yüksəlişə keçmişdir. Müəyyən bir dini cərəyanın radikal olub-olmamasını təyin etmək hər zaman asan deyildir. Bəzən ənənəvi cəmiyyətlərdə formalaşmış stereotiplər yeni ortaya çıxmış dini təşkilatlara şübhə ilə yanaşmağa səbəbiyyət verir. Buna görə də, adətən qeyri-ənənəvi təriqətlər radikallıqla eyniləşdirilir. Amma bir dini cərəyanı radikal hesab etmək üçün onun qeyri-ənənəvi olma xarakterindən daha çox, onun  ehtiva etdiyi radikal inanc və praktikalar əsas təşkil etməlidir. Yəni ənənəvi və ya qeyri-ənənəvi olmasından asılı olmayaraq yuxarıda qeyd edilən radikal elementlərdən birini ehtiva edən din və ya məzhəb radikaldır. Hərçənd qeyri-ənənəvi təriqətlər arasında radikal qrupların daha çox olduğunu da unutmamaq lazımdır.

Dini radikalizm: Dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə, yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib. Günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. "Radikalizm” və "ekstremizm” sözləri sinonim kimi işlədilsə də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini–etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir. Bu dini radikalizmin ən təhlükəli formasıdır.

Dini-siyasi motivli ekstremist və terroristlərin əsas hədəf kütləsi, inandırmağa çalışdıqları əsasən 20-40 yaşlarında, kişi cinsinə mənsub, orta savada malik, dini bilgiləri az olan yaxud heç olmayan, işsiz və ya az məvaciblə çalışan, himayəsində bir neçə nəfər olan şəxslərdir. Belə demək mümkündür ki, qadınlar dini radikal-ekstremist tipli cərəyanlarla adətən əsas yox, köməkçi rolunu oynayırlar. Bunun səbəblərini daha çox dindar cəmiyyətlərin patriarxal əsasda formalaşması ilə izah etmək mümkündür. Yuxarıda qeyd edilmiş özəlliklərə məxsus insanlarla daha çox işlənilməsinin səbəbi ondan ibarətdir ki, digərləri ilə müqayisədə daha çox təbliğata meyl göstərmələri mümkündür. Həmçinin müəyyən maddi çətinlikləri olan şəxs də digərlərindən daha asan olaraq cərəyanın işinə cəlb edilə bilər. Belə ki, maddi çətinliklərini həll edən insana qarşı hər şəxs müəyyən borc və minnət duyğusu daşıyır və onun apardığı fəaliyyətə yardımçı olmağı da özündə mənəvi bir yük kimi görür.

Dini ekstremist təşkilatlar isə dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Müasir dövrdə ekstremist qruplaşmaların əsas təbliğat məkanı sosial şəbəkələrdir. Onlar əsasən "YouTube” və "Facebook” kimi sosial şəbəkələrdə yerləşdirdikləri postlar vasitəsilə öz ideyalarını qlobal miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar cəlb etmək məqsədilə istifadə edirlər. Bu qruplaşmalar milli-mənəvi dəyərlərin gözdən salınmasına çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Belə bir təbliğatın təsiri altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü təkmilləşdirmədən uzaqlaşırlar.

Azərbaycan Respublikası dünyəvi, demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə din dövlətdən ayrıdır. Xalq milli ənənələrini, milli-mənəvi dəyərləri yaşatmağa çalışır, multicultural dəyərlərə böyük hörmətlə yanaşır. Azərbaycanda heç bir din nümayəndəsinin başqaları ilə problemi yoxdur. Azərbaycan tolerant ölkə kimi tanınıb. Hər zaman bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərib. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi Azərbaycanı da narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. İnsanlar təhsil almaqla təbiət və cəmiyyət hadisələrinin mahiyyətini anlaya bilirlər. Məhz təhsil vasitəsilə insan milli və bəşəri dəyərləri mənimsəyir, cəmiyyətin inkişaf xüsusiyyətlərini öyrənə bilir, özünü dərk edərək həqiqəti anlamağa, cəmiyyətə fayda verməyin məsuliyyətini hiss etməyə başlayır. Bu yanaşma həm də onu deməyə əsas verir ki, təhsil bilik, bacarıq və vərdişlərin məcmuyu olmaqla yanaşı prosesdir, nəticədir, dəyərdir, vasitədir.

Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası mövcuddur. Belə ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd edilmişdir ki, dini ekstremizmə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 10-cu maddəsində isə göstərilmişdir ki, dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər dini ekstremizmə qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar. Dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkar edilməsinə və qarşısının alınmasına, habelə bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur. Bu müddəa da dini ekstremizmə qarşı mübarizənin təkcə dövlət orqanlarının deyil, həmçinin, Azərbaycan Respublikasında yaşayan hər kəsin borcu olduğunu göstərir. Buradan görünür ki, bu sahədə ictimai nəzarətin formalaşdırılması zəruridir. Adı çəkilən Qanunun 13-cü maddəsində isə dini ekstremist fəaliyyətdə iştirak edən şəxslərin Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıdığı qeyd edilmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-168-1-ci maddələri dini radikalizm və dini ekstremizmə qarşı mübarizədə əhəmiyyətli rol oynayır. Belə ki, həmin Məcəllənin 167-ci maddəsi dini ayinləri icra etməyə mane olma, 167-1-ci maddəsi dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə, 167-2-ci maddəsi qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma, 167-3-cü maddəsi dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə, 168-ci maddəsi dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, 168-1-ci maddəsi isə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma əməllərinin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Qeyd edilən maddələrə görə həmin cinayət əməlini törətmiş şəxslər barəsində sərt cəza tədbirləri tətbiq edilir.

Odur ki, dini ekstremizmə qarşı mübarizədə vətəndaşlar dövlət orqanları ilə birlikdə fəal şəkildə iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfəsini verməlidirlər.

Tərlan KƏRİMOV,

Qazax Rayon Prokurorunun köməkçisi



Facebook-da paylaş