• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 28 May – Respublika Gününə həsr edilmiş onlayn konfrans təşkil olunub


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr edilən onlayn konfrans təşkil olunub. "Zoom” platforması üzərindən virtual formatda keçirilən konfransda könüllülər və aktiv gənclər iştirak ediblər.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev konfransı giriş sözü ilə açaraq iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib. O, qısa müddət ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri tariximizin şərəfli bir dövrünə çevirdiyini bildirib.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində Müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi uğur olduğunu qeyd edib.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıldığını xatırladıb.


Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva da Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək siyasi qiymət verdiyini diqqətə çatdırıb. Xalq Cümhuriyyətinin varisi elan edilən Azərbaycan Respublikasının inkişafından, müstəqilliyimizin əbədiliyinin təmin olunmasında ümummilli liderin atdığı addımlardan söz açıb. Əldə olunan o müstəqilliyin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə qorunduğunu diqqətə çatdırıb.


Sonra Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllüləri” Musa Paşayev, Pəri İbrahimova, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov, Regional İnkişaf İctimai Birliyinin könüllüsü Ülvi Zeynalov məruzələrlə çıxış ediblər. Gənclər məruzələrində qeyd ediblər ki, bir əsrdən artıq çar Rusiyasının əsarəti altında qalan Azərbaycanın qədim dövlətçilik ənənələri I Dünya müharibəsinin gedişində və çar Rusiyasında baş verən daxili mübarizələr nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə yenidən dirçəlməyə başlayıb. Müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik ictimai-siyasi və xalqımızın milli oyanışı proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yaranıb. Tarixə nəzər salsaq görərik ki, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.

Konfrans öz işini mövzu ətrafında geniş müzakirələrlə davam etdirib.






GOYEZEN.AZ



Facebook-da paylaş