Qazaxda “Ulu Öndər ideyalarını daim yaşadan gənclik” mövzusunda tədbir keçirilib
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş "Ulu Öndər ideyalarını daim yaşadan gənclik” mövzusunda tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax GİKM-nin əməkdaşları və könüllülər, rayonun ictimai işlərində fəallıq göstərən gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə "Mütərəqqi gənclər siyasəti” adlı film nümayiş olunub.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti haqqında ətraflı məlumat çatdıran Mərkəzin direktoru 2 Fevral – Gənclər Gününün əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu bildirib. Qeyd edib ki, O, həmişə gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həmişə böyük işlər görmüşdür. Müstəqillik əldə etdikdən sonra dünyada, o cümlədən ölkəmizdə baş verən ictimai-siyasi hadisələr dəyişdi, gənclərin qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bir sözlə, gənclərə böyük işıqlı yollar açıldı. Və bu yolların fəth edilməsində isə gənclərə ən böyük dəstək Ulu Öndər tərəfindən verildi. O, hər zaman gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə önəm vermiş, onların himayədarı olmuşdur.
Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov çıxış edərək əlamətdar gün münasibətilə gənclərə təbriklərini çatdırıb. Dahi şəxsiyyətin gənclər siyasəti sahəsindəki əvəzsiz xidmətlərindən bəhs edərək bildirib ki, Ümummilli Lider 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra gənclərlə görüşmüş və ilk dəfə olaraq gəncliyin mövcud vəziyyəti, ölkəmizin gələcəyində gəncliyin təmsil olunmasının əsas prinsipləri haqqında müzakirələr aparılmış və bu görüşün müsbət nəticələri tezliklə özünü göstərmiş, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, 1995-ci ildə Gənclər Forumu keçirilmiş, ümumilikdə 1993-2003-cü illər ərzində gənclərlə bağlı 40-dan çox tədbirdə iştirak etmiş, bu sahəyə aid çoxsaylı sənədlər imzalamışdır.
Sonra Gəncə Dövlət Universitetinin tələbəsi, könüllü, ictimai fəal gənc Ülvi Zeynalov, Bakı Dövlət Universiteti Qazax filialının tələbələri olan könüllülərdən Elmir Həsənov, Fədail Paşazadə, Pəri İbrahimova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi olan könüllü Tutu Qocayeva çıxış edərək dövlətimizin və ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Ölkə başçısının 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan olunmasını Azərbaycan gəncliyinə verilən ən yüksək qiymət kimi dəyərləndiriblər. Gənclər könüllü kimi Azərbaycanın inkişafı və tərəqqisi naminə daha yüksək formada fəaliyyət göstərəcəklərini bildiriblər.
Sonda 2 Fevral - Gənclər Günü münasibətilə tədbir iştirakçıları bütün Azərbaycan gənclərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş