• Təqvim

  • Maraq



Qazaxda “Azərbaycan qadınına ən yüksək qiymət Heydər Əliyev tərəfindən verilib” mövzusunda dəyirmi masa keçirilib


Martın 6-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan qadınına ən yüksək qiymət Heydər Əliyev tərəfindən verilib” mövzusunda dəyirmi masa keçirilib. 


Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecdə Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Kollecin müəllimləri Sahibə Yolçuyeva, Şükufə Aydınova, Mətanət Kazımova, Mərkəzin əməkdaşları və tələbələr iştirak ediblər. Qazax Dövlət Sosial-İqtisadi Kollecdə Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixində qadınların rolundan danışıb. Bildirib ki, tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan qadını cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə mübarizə aparmış və tarixə adlarını yazdırmağı bacarmışlar. Müstəqillik uğrunda başlamış ümumxalq hərəkatında ön sıralarda olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıq rəmzinə çevrilmişlər. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan qadınına ən yüksək qiymət Heydər Əliyev tərəfindən verilib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyəti üçün bütün şəraiti yaradıb, cəmiyyətin bütün sahələrində elm, təhsil, səhiyyə, idman, siyasət sahəsində lider qadınların yetişməsinə xüsusi diqqət yetirib. Ulu Öndər qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır, qadınlarla bağlı məsələlərə yüksək diqqət yetirirdi. Dahi şəxsiyyət qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmədə fəal təmsil olunmasına xüsusi diqqət yetirir, peşə fəaliyyətində fərqlənən qadınların mükafatlandırılması, müxtəlif adlarla təltif olunması istiqamətində əhəmiyyətli işlər görürdü. Ümummilli Lider Heydər Əliyevin imzaladığı bir çox fərman və sərəncamlar qadın hüquqlarının müdafiəsinə yönəlmişdir. Məhz Ulu Öndərin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmış, Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması tapşırılmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmiş, həmçinin “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı” təsdiq edilmişdir. 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Bütün bu siyasi fəaliyyət bir daha onu göstərir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü siyasət ölkəmizdə yüksək səviyyəli gender tərkibli dövlət siyasəti formalaşmasına səbəb olmuşdur. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Mətanət Kazımova bu gün Ulu Öndərin qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fərqlənən qadınların fəaliyyətini yüksək mükafat və fəxri adlarla qiymətləndirir. Ölkə rəhbəri İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Milli Məclisin sədri vəzifələri də xanımlara etibar edilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bu siyasət Azərbaycan qadınını daim irəliyə, tərəqqiyə doğru aparır, onu beynəlxalq aləmdə, dünya qadınlar birliyində layiqli bir yerdə saxlayır.

Tədbir disskusiya şəraitində davam edib, gənclər mövzu ətrafında öz fikirlərini bildiriblər.




Facebook-da paylaş