• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin adı hər zaman Azərbaycan tarixi ilə həmahəng səslənəcək


Uzun illərin mübarizəsindən sonra əldə edilən müstəqilliyimiz bir-birini əvəz edən hakimiyyət dəyişiklikləri, səriştəsiz “dövlət başçıları”nın biganəliyi səbəbindən xaosa və anarxiyaya sürüklənəndə, torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt ediləndə, soydaşlarımız öz yurd-yuvalarından kütləvi şəkildə qovulanda, böyük dövlətçilik məharətinə və zəngin siyasi təcrübəyə malik dahi şəxsiyyətin-xalqımızın böyük oğlu, ən böyük azərbaycanlı Heydər Əliyevin hakimiyyətə qayıdışı, xalqın dəstəyinə və inamına arxalanaraq gərgin və çətin şəraitdə Vətənə dönüşü antiazərbaycan ünsürlərin qarşısında əsl sipər oldu. Ümummilli Liderimizin qətiyyətli və düzgün qərarları ilə ölkədə hər sahədə sabitlik bərqərar oldu, cinayətkar və silahlı dəstələr məhv edildi, dövlətçiliyimiz və xalqımıza qarşı planlaşdırılmış təxribat və təhlükə cəhdləri iflasa uğradı. İnsan hüquqları qorundu, Azərbaycanın beynəlxalq nüfuzu artdı. Parlament və bələdiyyələrə demokratik seçkilər keçirildi, fikir və mətbuat azadlığı yarandı, yeni Konstitusiya qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu, milli-mənəvi dəyərlər, həmrəylik, birlik, Ulu Undərimizin müstəqilliyimizin daha da möhkəmlənməsi yolunda misilsiz töhfələri oldu. Dövlətimizin qurucusu, müstəqilliyimizin memarı, millət atası Heydər Əliyevin Azərbaycanımızın və xalqımızın naminə fədakar xidməti hər bir azərbaycanlının qəlbində əbədi minnətdarlıq məşəli yandırmışdır. İllər ötdü, zaman keçdi, xalqımız bir daha şahid oldu ki, Heydər Əliyevin sülh, əmin-amanlıq, inkişaf və  tərəqqi siyasəti qalib gəldi, torpaqlarımız azad edildi, Qarabağa həyat qayıtdı, əsrlərə bərabər uğurlara imza atdıq. Heydər Əliyevin adı hər zaman Azərbaycan tarixi ilə həmahəng səslənəcək, gələcək nəsillərə örnək, nümunə olacaq. Ulu Öndər Heydər Əliyev böyük demokrat, humanist insan, dövlətçiliyin memarı kimi dünyanın ən görkəmli şəxsiyyətləri sırasında ən nəhəng simadır. Bu gün misilsiz xidmətləri ilə xalqımızın ürəyində özünə əbədi abidə ucaltmış Heydər Əliyev hər bir azərbaycanlının ehtiram və şükranlıqla andığı müqəddəs bir ünvandır. Ona görə də Ümummilli Liderimiz öz xalqına göstərdiyi xidmətlərlə dünən, bu gün və sabahı qovuşdurmuş, zaman çevrəsindən çıxaraq əbədiyyət və ölməzlik   qazanmışdır, hər bir Azərbaycan vətəndaşının taleyində, ömür yolunda həlledici rol, təsdiqedici möhürə çevrilmişdir. Hələ bundan sonra da dahi şəxsiyyətin nəhəng irsi, ölməz ideyaları Azərbaycanın başı üstündə yanan gur işıq kimi yolumuzu həmişə nurlandıracaq. 

12 dekabr tarixindən - müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günündən illər ötsə belə Ulu Öndərin fiziki yoxluğu heç vaxt onun ideya varlığının əhəmiyyətini azalda bilmədi. Xalqımız bu gün də öz Ulu Öndərinin əbədi xatirəsinə ehtiramını bildirmək üçün Onun abidəsini ziyarət edir, Muzeydə dahi insanın mənalı həyatı və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyir, kitab sərgisini  və fenomenal şəxsiyyətə həsr edilmiş tarixi filmlərini izləyirlər.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar.

Dekabrın 4-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatinın, Qazax Elektrik Şəbəkəsinin, Qazax Magistral Qaz Kəmərləri sahəsinin, Qazax Kommunal Müəssisələri Kombinatının rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin pedaqoji heyəti, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor, müəllim və şagirdləri, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri muzeyi və Ulu Öndərin abidəsini ziyarətə gəlib, öz əbədi liderlərinə hörmət və əbədi məhəbbətlərini izhar ediblər.



Facebook-da paylaş