• Təqvim

  • Maraq



Qazaxda “Naxçıvan tarixinin Heydər Əliyev dövrü” başlıqlı tədbir keçirilib


İyunun 5-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Naxçıvan tarixinin Heydər Əliyev dövrü” başlıqlı tədbir keçirilib.

Tədbirdə rayonun orta ümumtəhsil məktəblərinin tarix müəllimləri, şagirdlər, gənclər, Regional İnkişaf İctimai Birliyinin Qazax-Tovuz Regional bölməsinin koordinatoru və könüllüləri iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı videoçarx nümayiş etdirilib. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. C.Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında xüsusi Tədbirlər Planı hazırlanmışdır. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin Vətəni olan Naxçıvanın yetişdirdiyi əvəzolunmaz şəxsiyyətlərdəndir. Heydər Əliyev fəaliyyəti dövründə Vətəninə, xalqına bağlılıq nümunəsi göstərərək ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı və yüksəlişi üçün misilsiz fədakarlıq nümayiş etdirmişdir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində hər zaman Naxçıvanın inkişafını geosiyasi məsələ kimi prioritet bilmiş, Moskvadan Vətənə qayıdanda məhz Naxçıvanda yaşamış və Azərbaycan dövlətçilik tarixində 1990-93-cü illər Heydər Əliyevin Naxçıvan dövrü kimi tariximizdə mühüm əhəmiyyətə malik olmuşdur. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, attığı tarixi əhəmiyyətli addımlarla Naxçıvanın qurtuluşunu, dirçəlişini, həmrəyliyini təmin etmiş olmuşdur. Bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçımız deyirdi: “Ulu Öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm”. Dövlət başçısının Naxçıvanın müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda atdığı mühüm addımlar qədim diyarın hərtərəfli inkişafına zəmin yaradıb.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Vətalət Mirzəliyeva çıxış edərək Naxçıvanın strateji coğrafi əhəmiyyətindən danışıb. Bildirib ki, 1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsindən sonra Naxçıvan üçün də böyük təhlükə yaranmışdı. Ermənilər Naxçıvanın Ermənistana birləşdirilməsi üçün cəhdlər edirdilər. Lakin ermənilər niyyətlərinə çatmadılar. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu alaraq beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt oldu. 1922-ci ilin dekabrında Naxçıvan məsələsi üzrə qəbul edilən xüsusi qərarla Naxçıvan muxtariyyət statusunda Azərbaycanın ayrılmaz və tərkib hissəsi olduğu təsdiq olundu. 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın qədim Azərbaycan torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkildi. Bu hadisə xalqımızın nail olduğu mühüm tarixi-siyasi uğur idi.

Qazax rayon Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbin tarix müəllimi Raya Mustafayeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Naxçıvanın böyük xilaskarıdır. Belə ki, dahi şəxsiyyətin sovet dövründəki rəhbərlik illəri Naxçıvanın tarixində dərin izlər buraxıb. Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Naxçıvanda inkişaf, tərəqqi yüksək səviyyədə olmuş, Naxçıvanda əldə edilən iqtisadi və aqrar uğurlar onu keçmiş ittifaq miqyasında qabaqcıllar sırasına yüksəltmişdir. Ölkəmiz müstəqilliyini yenidən əldə edəndə ölkədəki hakimiyyətsizlik üzündən ermənilərin Naxçıvan iştahası yenidən baş qaldırsa da, Heydər Əliyev faktoru bu planı alt-üst etmişdir. Ümummilli Lider Naxçıvanda fəaliyyət göstərdiyi dövrlərdə Naxçıvana ikinci həyat bəxş etmiş, Ermənistan ilk və ən böyük beynəlxalq siyasi məğlubiyyətinə uğramışdır. 

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin tarix müəllimi Gülarə Musəvi Naxçıvana Prezident İlham Əliyevin diqqət və qayğısından danışıb. Qeyd edib ki, ötən illər ərzində Prezident İlham Əliyevin imzaladığı dövlət proqramları, ayrı-ayrı vaxtlarda ayırdığı maliyyə vəsaitlərinin əticəsində Naxçıvan böyük inkişaf yolu keçib, iqtisadiyyat inkişaf edib, sakinlərin uzun müddətdən bəri əziyyət çəkdikləri sosial problemlər tədricən aradan qaldırılıb, ordunun döyüş imkanları modern səviyyəyə yüksəlib. Bu diqqət və qayğının təcəssümü olaraq 44 günlük Vətən müharibəsində Naxçıvan ordusunun şəxsi heyəti böyük qəhrəmanlıq nümunəsi göstərərək Şuşaya qədər şərəfli döyüş yolu keçdilər və hətta, Şəhidlik zirvəsinə ucaldılar. 

Sonda ümumi bir fikir səsləndirilib ki, Prezidentimizin qətiyyətli siyasətinin nəticəsi kimi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması həm Naxçıvanın, həm Azərbaycanın, həm də bütün Türk dünyasının tarixində qızıl hərflərlə yazılacaq. Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyasının nəticəsində Azərbaycan bu gün tarixin ən qüdrətli dövrünü yaşayır.



Facebook-da paylaş