• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Ən nümunəvi ailə modeli” mövzusunda tədbir keçirilib


Dekabrın 15-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazaxbəyli kənd Kitabxana filialının birgə təşkilatçılığı ilə gənclər arasında milli-mənəvi ailə dəyərlərinin təbliği istiqamətində “Ən nümunəvi ailə modeli” mövzusunda tədbir keçirilib.

Tədbirdə 44 günlük haqq savaşında qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Tural Məmmədovun atası Elxan Məmmədov və anası Şükufə xanım Məmmədova, Qazaxbəyli kənd kitabxana filialının müdiri və əməkdaşları, Aşıq Pəri Məclisinin müşaviri, şairə Nuranə Təbriz, şairə Asimə Hüseyn, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə kollektivi, Mərkəzin əməkdaşları iştirak ediblər.


Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib

.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq gələcək sağlam ailələrin formalaşmasında gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının vacibliyini qeyd edib. C.Hüseynova bildirib ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm verir, ailəni millətin və xalqın mənəvi sərvətlərinin, adət-ənənələrinin, dilinin, dininin, mədəniyyətinin, varlığının təcəssümü hesab edirdi.


Qazaxbəyli kənd kitabxana filialının müdiri Sevinc Alməmmədova ailə dəyərlərinin qorunub saxlanılması, çoxəsrlik tarixə malik ənənələrin gələcək nəslə ötürülməsinin vacibliyindən danışıb. Bildirib ki, Azərbaycan ailəsi həmişə tarixi köklərə, milli adət- ənənələrə sadiqliyi ilə seçilir, dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur. Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdır.


Şəhid atası Elxan Məmmədov Vətən yolunda canından keçən şəhidlərin həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu və övladı qəhrəman Turalla, eyni zamanda, bütün şəhidlərimizlə qürur duyduğunu qeyd edib. Bildirib ki, qəhrəman şəhidlərimiz hər zaman Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şəhid atası onların xatirəsini yaşadaraq hər zaman gənclərə tanıdılması məqsədilə keçirilən bu cür tədbirlərin vacibliyini vurğulayıb.


Aşıq Pəri Məclisinin müşaviri, şairə Nuranə Təbriz çıxış edərək ən qiymətli xəzinə kimi əsrlərdən-əsrlərə ötürülən ailə ənənələrindən danışıb. Bildirib ki, ailə hər bir fərdin gələcəyə uzanan yolda dayağı, ümidi, güvənc yeridir. Ailə qarşılıqlı mənəvi, hüquqi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. Tarixin bütün mərhələlərində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Ailə əsasları bizim əsas dəyərimizdir. Onu qorumalıyıq, zərərli yeniliklərdən uzaq tutmalıyıq.  


Şairə Asimə Hüseyn ən önəmli dəyərlərdən olan ailə dəyərlərindən danışaraq qeyd edib ki, bizim gələcək nəsillər düzgün ailədə böyüməlidir. Düzgün ailədə yetişən gənclik sabah vətənpərvər, mühafizəkar və mübariz ruhlu olacaqdır. Elə gənclər yetişdirmək lazımdır ki, onlar gələcəkdə öz haqları və ailə dəyərləri uğrunda mübarizə apara bilsinlər. Sağlam ailə cəmiyyətin əsası olduğu üçün yeni qurulan ailələr möhkəm təməllər üzərində qurulmalıdır.


Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Türkan Hüseynova dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən  danışıb. Bildirib ki, ailələrə maddi və mənəvi dəstək dövlətin diqqət mərkəzindədir. Bu gün ailələrin rifahına yönəlmiş böyük layihələr uğurla həyata keçirilir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların əlli faizdən çoxu sosialyönümlüdür. Bu da onun ən bariz nümunəsidir ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı dayanır.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Asya Alhüseynova ailə dəyərlərinin təbliğini aparmaq, ailə institutunu inkişaf etdirmək, erkən nikahların qarşısını almaq, məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Bildirib ki, gənclərin iştirakı ilə təşkil olunan bu cür tədbirlər ailə və ailə fərdlərinin sağlam gələcəyi, ailələrin möhkəm təməllər üzərində və doğru zamanda qurulması işində mühüm əhəmiyyət daşıyır.


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü əsasında Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvlərinin bələdçiliyi ilə BDU-nun Qazax filialında təhsil alan birinci kurs tələbələrinin rayonun gəzməli, görməli, tarixi əhəmiyyətli muzey və qoruqları ilə tanış olmaq məqsədilə təşkil olunmuş ekskursiya çərçivəsində Mərkəzi ziyarət edən gənclər də tədbirə qoşulublar. Gənclər şəhid valideynləri Elxan Məmmədov və Şükufə Məmmədovanın gənclərə verdiyi tövsiyələrini dinləyiblər. Eyni zamanda, qəhərman şəhidimiz Tural Məmmədovun valideyinləri ilə xatirə şəkli çəkdiriblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.



Facebook-da paylaş