• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev siyasəti yaşayır və zirvələri fəth edir” adlı tədbir keçirilib


Dekabrın 8-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev siyasəti yaşayır və zirvələri fəth edir” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, fəal gənclər, Mərkəzin əməkdaşları iştirak edib. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Sonra Ulu Öndərin uğurlu siyasi fəaliyyəti və bu siyasətin uğurlu nəticələrinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi üçün əvəzsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri barədə ətraflı məlumat verib. C.Hüseynova bildirib ki, Ulu Öndər hər zaman öz xalqına sadiqlik təcəssümü nümunəsi olmuş, prinsipial vətəndaş mövqeyi göstərmişdir. Milli- mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlərin təşəbbüskarı, milli- ideoloji siyasətin tərkib hissəsi kimi dilimizi ən yüksək mövqeyə yüksəltmiş, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş, uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymuşdur. Həyatını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər bu müqəddəs amallar uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərmiş millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanmaqdadır.


Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxışında qeyd edib ki, xalqımız Ulu Öndər Heydər Əliyevi dövlət müstəqilliyimizin qurucusu kimi qəbul edir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi nadir rast gəlinən unikal hadisədir. Xalqımızın böyük oğlu Heydər Əliyev məhz belə şəxsiyyətdir. Onun ən böyük gücü dərin, universal biliyində, qətiyyətli işgüzarlığında, uzaqgörənliyində və müdrikliyindədir. Xalqımızın birliyini təmin edən milli ideologiyamızın müəllifi məhz Ulu Öndər Heydər Əliyevdir. Müəllifi Heydər Əliyev olan, xalqın tarixi yaddaşının özünə qaytarılmasında mühüm əhəmiyyət kəsb edən Azərbaycançılıq məfkurəsi dövlətimizin qüdrətlənməsində real siyasi amildir. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi Asya Alhüseynova Ümummilli Lider Heydər Əliyevin dövlət qadın siyasəti istiqamətində həyata keçirdiyi siyasi fəaliyyətdən danışıb. Bildirib ki, dahi şəxsiyyət hər zaman qadınların dövlətin idarəolunma prosesində iştirakını dəstəkləyib, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyub. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayrılmasını, onların hərtərəfli fəaliyyətinə, qadınların hüquqların qorunmasına, dövlət idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilmə məsələlərinə xüsusi önəm vermiş, bu sahədə mühüm fərman və sərəncamlar imzalamışdır.


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova Ulu Öndər Heydər Əliyevin siyasətinin bugünkü uğurlu davamından danışaraq bildirib ki, bu gün müstəqil Azərbaycan dahi şəxsiyyətin ideyaları əsasında inkişaf edir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun surətdə uğurla davam etdirilir. Dövlət başçısının genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, Prezident İlham Əliyev Ulu Öndərin bütünlüklə Azərbaycana, onun gələcəyinə həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir. Ulu Öndərin layiqli davamçısı İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, dövlət idarəçiliyində dahi şəxsiyyətin siyasi irsi möhkəm təməl və ən etibarlı bünövrədir.  


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Fidan Məmmədli Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışaraq bildirib ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu gün gənclər ölkə həyatının ən müxtəlif sahələrində böyük müvəffəqiyyətlə təmsil olunur, öz bilik və bacarıqlarını nümayiş etdirirlər. 

Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, məhz Heydər Əliyevin misilsiz siyasi fəaliyyəti sayəsində ölkəmizdə dayanıqlı inkişafın bünövrəsi qoyuldu, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu gün ölkəmiz beynəlxalq aləmdə bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini nümayiş etdirir, dünyada böyük hörmətə malikdir.



Facebook-da paylaş