• Təqvim

  • Maraq



“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb


Noyabrın 30-da “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə təşkil olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub. 

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Dövlət Rəsm Qalereyasının direktoru və əməkdaşları, Qalereyanın və Mərkəzin rəsm dərnəyinin üzvləri, valideynlər və Mərkəzin əməkdaşları iştirak ediblər.  27 noyabrdan elan edilmiş rəsm müsabiqəsinə müxtəlif mövzularla 20-dən çox şagirdin rəsm işi təqdim edilmişdi. 

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, otuz beş ilə yaxın bir müddətdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. Ölkəmizin ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin həyatı və siyasətinin mühüm əhəmiyyəti var. Bu baxımdan onun irsinin gələcək nəsillərə təbliği mütləq və vacibdir. Bu cür müsabiqələr şagirdlərdə Ulu Öndərin siyasi irsinin təbliğ edilməsində böyük rol oynayır. Sonra C.Hüseynova rəsm müsabiqəsinin keçirilməsi, şərtləri haqqında ətraflı məlumat verib. 


Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək bildirib ki, məhz Heydər Əliyev fenomeni sayəsində Azərbaycan öz müstəqilliyinə nail oldu, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bildi. Üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərcmərclikdən qurtardı. Ona görə də gələcək nəsillər daima Ulu Öndər irsini dərindən öyrənməli, ona öz hörmət və ehtiramlarını sahib olduqları bütün peşələrdə əks etdirməlidirlər. Bu müsabiqəyə şagirdlər böyük həvəslə qatılaraq öz rəsmlərini dahi rəhbərin 100 illik yubileyinə ərməğan ediblər.


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək böyük siyasətçi Heydər Əliyev haqqında danışıb. İ.Qurbanov qeyd edib ki, bugünkü Azərbaycan dövləti müstəqilliyinə nail olmaq və müstəqilliyini qoruyub saxlamaq, əbədi və dönməz etmək üçün çətin və keşməkeşli tarixi bir yoldan keçib. Bu yolun mahiyyəti və sonrakı tarixi proseslərə təsiri Heydər Əliyev kimi tarixi şəxsiyyətin yeni siyasi reallıqlarla nail olunan ümummilli nəticələr ilə özünü sübuta yetirməkdədir. Heydər Əliyevin siyasi fəaliyyətinin hədəfində duran azad və müstəqil dövləti qurmaq, onu qorumaq, tarixi reallığa çevirmək məharəti olmadan bugünkü müstəqil, azad, bütöv və qalib Azərbaycanı təsəvvür etmək mümkün ola bilməz. Xalqımız bütün bu xidmətlərinə görə hər zaman öz böyük oğlunu ehtiramla yad edəcək, xatırlayacaq və qədirbilənliklə minnətdar olacaq. Bu cür tədbirlər isə dahi şəxsiyyətin siyasi irsini, əvəzsiz xidmətlərini, xilaskarlıq missiyasını gələcək nəsillərə təbliğ etmək istiqamətində böyük əhəmiyyətə malikdir. 


Müsabiqə iştirakçılarından Ruhin Xasməmmədov söz alaraq “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı rəsm müsabiqəsinə böyük həvəslə qatıldığını bildirib. Qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının əvəzolunmaz tarixi şəxsiyyətidir və biz uşaqlar onu çox sevir və hörmət edirik. Heydər Əliyevə həsr edilmiş müsabiqəyə qatılmaq bizim üçün böyük şərəf və qürurdur.

Sonra müsabiqə iştirakçıları öz rəsmləri haqqında məlumat veriblər. Tədbir müsabiqə qaliblərinin mükafatlandırılması ilə sona çatıb. Müsabiqənin yekununda münsiflər tərəfindən fərqləndirilmiş 1 rəsm I yerə, 2 rəsm II yerə, 3 rəsm III yerə layiq görülüb. Digər iştirakçılar isə həvəsləndirici Fəxri Fərmanlarla təltif ediliblər.



Facebook-da paylaş