• Təqvim

  • Maraq



Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Ey müzəffər ordum eşq olsun sənə, Sən öz savaşınla tarix yaratdın!” adlı tədbir keçirilib


Sentyabrın 26-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr -Anım Günü ilə əlaqədar Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Ey müzəffər ordum eşq olsun sənə, Sən öz savaşınla tarix yaratdın!” adlı tədbir keçirilib. 

Tədbir iştirakçıları ilk olaraq 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət  ediblər. Memorial önünə tər qərənfillər düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar. 


Sonra Mərkəzdə təşkil edilmiş tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

 


Mərkəzin direktoru Ceyhunə Hüseynova 27 Sentyabr - Anım Günü barədə şagirdlərə məlumat verib. Bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü elan edilib. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirərək Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Düşmənin hərbi təxribatına son qoymaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Ermənistanın 30 ilə yaxın işğalda saxlayaraq güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına cəmi 44 gün ərzində azad edildi. Ordumuz tərəfindən düşmənin hərbi hissələri, döyüş texnikaları, canlı qüvvəsi darmadağın edildi, kəndlərimiz, yüksəkliklər, şəhərlər, qəsəbələr düşməndən  təmizləndi. Bayrağımız yenidən doğma torpaqlarımızda yüksəldildi. Vətən müharibəsində qazandığımız Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, 30 il davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu. Hər kəs Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük tarixi Zəfərə, Qələbəyə imza atmasının şahidi oldu. Bu möhtəşəm Qələbənin təmin edilməsində ən böyük rolu olan məhz şəhidlərimiz, qazilərimiz və hərbçilərimiz oldu. 44 gün davam edən Vətən müharibəsində şəhidlərimiz qanı və canı bahasına ərazilərimizi düşməndən təmizləməklə adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdılar. Onların sayəsində bu gün işğaldan azad edilən torpaqlarımızın hər tərəfində Azərbaycan Bayrağı dalğalanır, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri uca tutulur. Bir daha onların hər birinin qarşısında baş əyirik, onlar sayəsində Vətənimiz bütöv oldu, Qarabağ həsrətimiz bitdi.

Sonra məktəbin şagirdləri Nəhayət Cahangirova, Zəhra Namazlı, Ayşən Hacınəbiyeva, Fatimə Salıfova, Nuray Binnətli, Leyla Mehdizadə, Fidan Abdullayeva Vətənə və şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər. 

Mərkəzin ekspozisiya zalında Vətən müharibəsi şəhidlərinin xatirəsinə asılmış lövhəyə baxış keçirilib. 



Facebook-da paylaş