• Təqvim

  • Maraq



15 İyun - Milli Qurtuluş Gününə həsr olumuş “Milli dövlətçiliyimizin xilaskarı” adlı növbəti tədbir keçirilib


İyunun 9-da “Heydər Əliyev İli” çərçivəsində Qazax rayon Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olumuş “Milli dövlətçiliyimizin xilaskarı” adlı növbəti tədbir keçirilib. 


Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev açaraq bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi düşüb. 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur. 


Mövzu ilə əlaqədar Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova məruzə ilə çıxış edərək bu günün tarixindən danışaraq qeyd edib ki, 1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr ölkə daxilində siyasi prosesləri tənzimləməyi bacarmır, respublikada sabitlik, əmin-amanlıq yaratmaq əvəzinə, səriştəsizlikləri ilə yaratdıqları böhranı daha da dərinləşdirirdilər. Eyni zamanda, xarici siyasətdə bir-birinin ardınca yol verilən kobud səhvlər ölkəmizin dünya dövlətləri ilə, xüsusilə qonşu ölkələrlə əlaqələrinə ciddi xələl gətirirdi. Belə bir dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət –Ulu Öndər Heydər Əliyev çıxara bilərdi. Qədirbilən xalqımız yad təsirlərin, siyasi oyunların, xaos və özbaşınalığın yaratdığı ümidsizliyin girdabında boğulsa da, nəhayət, özündə güc taparaq müdrik qərar verməyi bacardı. Bu qərar dünyaya xilaskarlıq missiyası ilə gəlmiş Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya – ölkənin siyasi mərkəzinə dəvət edilməsi idi. 

Məruzə ətrafında çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov qeyd edib ki, məhz ölkənin, xalqımızın milli qurtuluşunu şərtləndirən bu tarixi qərarın əhəmiyyəti bu gün ərazi bütövlüyünü təmin etmiş qüdrətli Azərbaycanda daha parlaq, daha aydın, əzəmətli görünür. Bu məqamda onu da xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndər hələ sovet hakimiyyəti illərindən başlayaraq bütün təqib və təzyiqlərə, yaradılan məhrumiyyətlərə baxmayaraq müstəqilliyimizə, milli qurtuluşumuza gedən yolun təməl daşlarını qoyurdu. Bu gün əminliklə söyləyirik ki, ölkəmizin müstəqilliyə gedən yolu 1969-cu ildən – Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən başlayıb. Məhz həmin dövrdən etibarən respublikamızın inkişafında tərəqqi meyilləri gücləndi, xalqımızda milli qürur, milli mənlik şüuru yenidən oyandı, insanların qəlbində müstəqillik duyğuları baş qaldırdı. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illər bütün sahələrdə Azərbaycanın quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü.


Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva məruzə ətrafında çıxış edərək bildirib ki, Azərbaycanı günbəgün qüdrətləndirən Prezident İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi ilə layiqli davamçısı olduğunu sübut etdi. Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi, tarixi bir missiyanı həyata keçirdi. Dahi lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi sayəsində Qarabağın işğaldan qurtulması ilə özünün zirvəsinə çatdı. Qüdrətli dövlətimiz, qədirbilən xalqımız 15 İyun - Milli Qurtuluş Gününü daha yüksək əhval-ruhiyə və coşqu ilə qeyd edir. Bu gün – ərazi bütövlüyünü bərpa etmiş, azad Qarabağda üçrəngli bayrağını ucaltmış, milli qurtuluşdan işğal altındakı torpaqlarımızın qurtuluşuna qədər şərəfli yol keçmiş müstəqil Azərbaycan dövləti daha qüdrətli, Azərbaycan vətəndaşı daha qürurludur.



Facebook-da paylaş