• Təqvim

  • Maraq



“Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı növbəti dərs keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı rayonun orta ümumtəhsil məktəblərində Ulu Öndər irsinin təbliği məqsədilə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsi davam edir. 

Növbəti dərs aprelin 11-də Qazax rayon Şamoy Çobanov adına Ağköynək tam orta məktəbin VII sinif şagirdlərinin iştirakı ilə keçirilib. 

Dərsdə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Abdullayeva, məktəbin coğrafiya müəllimi Lətafət Quluyeva və Mərkəzin əməkdaşları iştirak ediblər. 


Bugünkü dərs “Ulu Öndər Heydər Əliyevin xalqımız üçün xidmətləri ölçüyəgəlməzdir” mövzusunda olub. 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən bəhs edib. C.Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızın həyatında elə bir sahə olmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkə iqtisadiyyatı, xalqın həyat səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə və digər sahələr inkişaf edərək Azərbaycanı ən yüksək yerlərdən birinə gətirib çıxardı. Heydər Əliyev bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Dahi şəxsiyyət bu fəaliyyəti ilə Azərbaycanın möhkəm təməlini qoydu. 


Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider böyük Vətən, xalq sevgisi nümayiş etdirərək yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin dağıdılması prosesinin qarşısını aldı, ictimai-siyasi sabitlik yaratdı, tənəzzülə uğrayan iqtisadiyyatı tədricən dirçəltdi. C.Hüseynova qeyd edib ki, bu gün Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin siyasi irsi sayəsində Azərbaycan dünyada özünə layiqli yer tutaraq tarixi nailiyyətlərə imza atır.

Dərsin sonunda şagirdlərin sualları cavablandırılıb. Mövzu ətrafında aparılan ümumi sual-cavabda şagirdlərdən Elmir Əmiraslanlı, Aysun Məmmədova, Rauf Mahmudov, Fatimə Qocayeva fərqlənib.



Facebook-da paylaş