• Təqvim

  • Unutma

  • Maraq



Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Yüksək vətəndaşlıq hisslərinə malik olan Azərbaycan gəncliyi” başlıqlı tədbir keçirilib

Avqustun 11-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Günü ilə əlaqədar “Yüksək vətəndaşlıq hisslərinə malik olan Azərbaycan gəncliyi” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənc könüllülər, ictimai fəal gənclər, tələbələr iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, dövlətimizin hərtərəfli inkişafı yolunda gənclərə uğurlar arzulayıb. V.Nəbiyev bildirib ki, 1998-ci il avqustun 12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində gənclərlə iş sahəsində keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada “Gənclər Günü” kimi qeyd olunması qərara alınıb. Həmin tarixdən etibarən Beynəlxalq Gənclər Günü Azərbaycanda da qeyd olunur. Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələ elan etmişdir. Ölkəmiz müstəqillik qazandıqdan və Ulu Öndər xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur. 


1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmiş, Ümummilli Liderin müvafiq sərəncamı ilə birinci forumun keçirildiyi gün - fevralın 2-i Azərbaycanda Gənclər Günü elan edilmişdir. Dahi şəxsiyyət bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələlərini də diqqət mərkəzində saxlamış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Respublika Prezidenti İlham Əliyev gənclərin təhsil alması, sağlam və vətənpərvər böyüməsinə xüsusi diqqət yetirir. Dövlət başçısının sərəncamları ilə ölkəmizdə gəncliyin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, Azərbaycan gənclərinin növbəti forumlarının keçirilməsi, 2007-ci ilin “Gənclər İli” elan edilməsi bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmiş, ölkəmizdə gənclərin inkişafı, təhsili, dünyaya inteqrasiyası və digər sosial sahələrdə aparılan islahatlar gənclər siyasətinin daha da uğurla davam etdirilməsinə xidmət edir. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək cəmiyyətin gücünü, müqavimətini təşkil edən gənclərin dövlətin qorunmasında əsas rolundan danışaraq qeyd edib ki, Azərbaycanda gənclər sahəsində aparılan işin banisi, müəllifi Heydər Əliyevdir. Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycan gənclərinin təhsil alması, savadlanması üçün misilsiz xidmətlər göstərmişdir. Müdrik siyasətçi hər zaman gəncliyi böyük qüvvə hesab etmiş, sağlam düşüncəli gəncliyin dövlətin və xalqın nicatı olduğuna inanmışdır. Ulu Öndərin yüksək təhsil almalarına hərtərəfli inkişaf etmələrinə daim qayğı göstərdiyi gələcəklərinə böyük ümidlər bəslədiyi o zamankı uşaq və gənclər nəsli bu gün Onun ölməz ideyalarına sədaqətlərini əməli işləri ilə sübuta yetirərək müstəqil dövlətimizin qurucuları sırasındadırlar.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov öz çıxışında gənclərin idman sahəsində uğurlarından danışaraq bildirib ki, gənclər siyasətində idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına bu gün xüsusi diqqət vardır. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımız, o cümlədən Qazax rayonundan olan idmançılar istər respublika, istərsə də beynəlxalq səviyyəli yarışlarda vətənimizi şərəflə təmsil edir, bayrağımızı daim ucalara qaldırırlar. Bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut edirlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərimizin böyük rolu vardır.


Sonra Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Röyal Əmiraslanov çıxış edərək gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq qeyd edib ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır. Dövlətimizin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində öz gücünə inam hissini artırır. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Samirə Vəliyeva Ulu Öndərin yaratdığı təməl əsasında qurulmuş dövlət gənclər siyasətinin 2003-cü ildən İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Bildirib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli, aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin böyük rolu vardır. Ölkə başçısı daim gənclərlə görüşür, onların problemləri ilə maraqlanır, hərtərəfli inkişafına, ölkənin ictimai-siyasi, sosial- mədəni həyatında rolunun artmasına xüsusi diqqət yetirir, dövlət işlərinə irəli çəkilməsinə xüsusi önəm verir.

Gənc aşıq Afiq Qasımov sazda ifası ilə gəncləri təbrik edib.

Sonda Qazax Rayon Heydər Əliyev Mərkəzinin hazırladığı dövlət gənclər siyasətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş