“Böyük qayıdış” artıq başlayır...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və siyasi uğurunun davamlı təntənəsi işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərləridir. Düşmən üzərində möhtəşəm qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərimizə hər dəfəki səfəri ilə dövlət başçımız Azərbaycanın gücünü və qüdrətini, iqtisadi potensialını bir daha dünyaya və düşmənə sübut etmiş olur. Eyni zamanda Şuşaya, Laçına, Xocavəndə, Füzuliyə, Cəbrayıla, tariximizi özündə yaşadan, ata- babalarımızın izlərini özündə saxlayan Xudafərin körpüsünə, xalqımızın inanc yerləri olan məscidlərə, tarixi abidələrimizə səfərləri bizim qürur və iftixarımızdır. Çünki işğaldan azad edilmiş ərazilərimizə səfərləri ilə Prezident həmçinin dünyaya siyasi mesaj vermiş olur ki, biz tarixi ədaləti 44 günə bərpa etdik, o torpaqların əsl sahibləri bizik və biz artıq qayıdırıq. Hər səfəri düşmənin 28 illik əsarətindən sonra dağıdılmış, məhv edilmiş ərazilərimizdə infrastruktur layihələrin açılışı, yenidən qurulması və bərpası ilə yaddaşlara yazılan dövlət başçımız həm də "Böyük qayıdış”ın başlanması müjdəsini vermiş olur. "Böyük qayıdış” üçün iqtisadi potensialımızın yetərli səviyyədə olmasının mesajını vermiş olur.
Zəngilan rayonu 1993-cü ilin 29 oktyabr tarixində ermənilər tərəfindən işğal edilmiş, 44 günlük İkinci Vətən müharibəsində rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edilmişdir. İşğal dövründə Zəngilanın tarixi memarlıq abidələri, çinar meşələri, qəbiristanlıqları, türbələri, məscidləri, zəngin qızıl yataqları, əhaliyə məxsus sənaye- təsərrüfatı bütünlükdə erməni vandallarının vəhşiliyinə məruz qalmışdır. Amma işğaldan azad edildikdən sonra digər ərazilər kimi Zəngilan da bərpa, quruculuq və yenidənqurma işləri aparılan ərazilərimiz kimi tam sürətlə öz sakinlərini qarşılamağa hazırlaşır. Dövlət başçımız dəfələrlə Zəngilana səfər etmiş, hər səfəri yeni bir infrastruktur layihənin açılması və ya təməlqoyması ilə tariximizə yazılmışdır. Məlum olduğu kimi, işğaldan azad olunan ərazilərdə inşa olunacaq yeni yaşayış məskənlərinin "Ağıllı kənd" ("Smart Village") konsepsiyası əsasında tikilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti müvafiq qurumlara bu barədə tapşırıqlar verib və aprel ayının 28-də işğaldan azad edilən Zəngilan rayonunda Prezident İlham Əliyevin iştirakı ilə ilk "Ağıllı kənd" layihəsinin təməli qoyulub. Xatırladaq ki, Azərbaycan ərazisində "Ağıllı kənd" konsepsiyasının tətbiqi Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb. Məlumdur ki, son illər dünyada İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafı özü ilə müxtəlif yenilikləri və dəyişiklikləri də gətirdi. Bu yeniliklərdən biri də "Ağıllı kənd" konsepsiyası hesab olunur. "Ağıllı kənd" konsepsiyası insanların həyatını asanlaşdırmaq, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur. Bu konsepsiyanın tətbiqi rəsmi qurumların yerli sakinlər, o cümlədən də infrastrukturla birbaşa əlaqə qurmağa, kənddə baş verənləri və kəndin necə inkişaf etdiyini izləməyə imkan verir. "Ağıllı kənd" konsepsiyasında İKT-nin imkanları kənddə xidmətlərin keyfiyyətini artırmaq, xərcləri və resurs istehlakını azaltmaq, vətəndaşlarla hökumət arasında təmasları artırmaq üçün istifadə olunur.
Prezident İlham Əliyevin Zəngilana növbəti səfəri 27 may 2022-ci il tarixində olmuş və səfərin məqsədi məhz həmin "Ağıllı kənd” layihəsinin açılışında iştirak etmək olmuşdur. Açılış mərasimində ölkə Prezidenti çıxış etmiş və bir sıra mühüm məsələlərə toxunmuş, həmçinin siyasi mesajlar və bəzi proqnozlar vermişdir. Müstəqilliyimizdən danışan cənab İlham Əliyev bildirmişdir ki, əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.
Prezident vurğuladı ki, bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Azərbaycanın hərbi gücü artır. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub.
Düşmənin hazırki vəziyyətinə münasibət bildirən dövlət başçımız onu da bildirdi ki, Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Zəngəzur dəhlizi məsələsinə toxunan dövlət başçımız bildirdi ki, bu dəhlizin açılması önəmli məsələdir. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib.
Prezident böyük qürur hissilə qeyd etdi ki, "Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - "Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – "ASAN”, "DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir. Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş