Qazaxda “Böyük qayıdışın Ağdam yolu” mövzusunda videokonfrans keçirilib
İyunun 2-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Böyük qayıdışın Ağdam yolu” mövzusunda videokonfrans keçirilib.
Zoom platforması üzərindən keçirilən videokonfransda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Qazax Rayon Prokuroru Rauf Gözəlov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, təhsil, mədəniyyət işçiləri, idarə, müəssisə rəhbərləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, böyük Zəfərdən söz açıb. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlının Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, qürur duyduğunu bildirib. Əldə etdiyimiz tarixi nailiyyətə görə Ali Baş Komandana, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu diqqətə çatdırıb.
G.Həsənova 44 günlük Vətən müharibəsinin bütün dünyaya Azərbaycan dövlətinin gücünü, qüdrətini, ordumuzun rəşadətini nümayiş etdirdiyini, eyni zamanda soydaşlarımızın 30 illik yurd həsrətinə son qoyduğunu qeyd edib. Müavin istər müharibə dövründə, istərsə də müharibədən sonra ölkə başçısının xarici və yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində zəfərimizlə yanaşı, düşmənin işğaldan azad etdiyimiz torpaqlarda törətdikləri vəhşilikləri, erməni vandalizmini böyük ustalıqla çatdırmasından, müdrik lider kimi ölkəmizi layiqincə təmsil etməsindən də söz açıb. İşğaldan azad edilmiş bölgələrimizə etdiyi səfərlərlə bütün dünyaya ermənilərin illər boyu işğal etdiyi torpaqlarda necə vandalizm törətməsini, evləri, mədəniyyət obyektlərini yerlə-yeksan etməsini göstərdiyini söyləyib. G.Həsənova qeyd edib ki, bu gün xalq olaraq ikiqat qürurlu və sevincliyik ona görə ki, torpaqlarımız düşməndən azad edildi, həm də bu gün həmin torpaqlarda abadlıq işlərinə start verilib. Aylar öncə ölkə başçısının müsahibələrində, xalqa müraciətlərində söylədiyi "Biz Qarabağı yenidən dirçəldəcəyik” fikrinin bu gün əyani şahidi olduğumuzu, Qarabağa böyük qayıdışın sevincini yaşadığımızı bildirib. Ölkə Prezdentinin Şuşaya, eləcə də ən son mayın 28-də xalqımız üçün əhəmiyyətli olan bir gündə, Respublika Günündə Ağdama səfər etməsini, bir sıra təməlqoyma mərasimlərində iştirak etməsini, sakinlərlə görüşündə Qarabağın yenidən qurulacağını bir daha söyləməsini Qarabağa böyük qayıdışın ilk addımları kimi qeyd edib. Qarabağın yenidən cənnətə çevriləcəyi günün uzaqda olmadığını vurğulayıb.
Qazax Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək bildirib ki, sentyabrda başlanan İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizdən qısa zaman keçməsinə baxmayaraq artıq işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri Böyük qayıdışın əsasının qoyulması deməkdir. Qalib lider İlham Əliyevin siyasi iradəsi sayəsində həmin ərazilərdə həyat yenidən canlanır, kəndlər, şəhərlər bərpa olunur, yeni infrastruktur layihələr həyata keçirilir. Dağıntıların miqyasına görə "Qafqazın Xirosiması” adlandırılan Ağdamın bərpası üçün tərtib edilən Baş plan əsasında şəhər yenidən qurulacaq. Ölkə Prezidenti İlham Əliyevin mayın 28-də Ağdama səfəri zamanı Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması, Bərdə-Ağdam avtomobil yolunun, yaşayış binasının, Ağdam Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində, Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində, imarət kompleksində, Ağdam şəhər Qiyaslı məscidində, Şahbulaq qalasında olması, həmin tədbirlərdə şəxsən iştirak etməsi bunun bariz nümunəsidir. R.Gözəlov bütün bu görüləcək işlərin, Ağdam şəhərinin Baş planının məhz 28 May - Respublika Günündə qurulmasının xüsusi rəmzi mənasının olduğunu və müstəqilliyimizin güclü olduğu üçün bizim müharibədə qalib olduğumuzu vurğulayıb.
Videokonfrans iştirakçılarından Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosentMəmməd Yusifov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, məktəbin tarix müəllimi Rəna Qocayeva, Quşçu Ayrım kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülxar Cəfərova, Hüseynbəyli kənd tam orta məktəbin müəllimi Pərvanə Həsənova, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Yusifova, Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyev çıxış edərək qələbəmizin növbəti mərhələlərinin dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə səfərləri ilə tarixə düşdüyünü qeyd ediblər. Çıxışlarda ümumi fikir ifadə olunub ki, Prezidentin hər səfəri bir başlanğıc, hər səfəri möhtəşəm qayıdışın addım səsləridir. Çünki hər səfərdən sonra hər kəs Azərbaycanın necə terrorçu düşmənlə, vəhşi millətlə üz-üzə qaldığının şahidi olur. Kənd və şəhərlərimiz 30 il davam edən işğal dövründə erməni vandallığının qurbanı olub. Ağdam, Füzuli, Cəbrayıl şəhərlərindən demək olar ki, əsər-əlamət qalmayıb, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib. Lakin Prezident İlham Əliyevin apardığı güclü, düşünülmüş, uğurlu iqtisadi-siyasi siyasət sayəsində tezliklə o torpaqlar öz tarixi və əzəli-əbədi sakinlərinin yenidən yaşayış məskəninə çevriləcək.
GOYEZEN.AZ
Facebook-da paylaş