Qazaxda “Prezidentin işğaldan azad edilmiş ərazilərimizə səfərləri Zəfərimizin növbəti təntənəsidir” mövzusunda onlayn videokonfrans keçirilib
Aprelin 1-də Qazax
Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə "Prezidentin işğaldan azad edilmiş ərazilərimizə səfərləri Zəfərimizin növbəti
təntənəsidir” mövzusunda onlayn videokonfrans keçirilib. Zoom platforması
üzərindən keçirilən onlayn görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar
Quluyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şuşa Üzeyir Hacıbəylinin Ev-Muzeyinin
direktoru Nəsibə Eyvazova, rayon mədəniyyət işçiləri və təhsil şöbəsinin əməkdaşları,
müəllimlər iştirak ediblər.
Qazax Rayon Heydər
Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə
açaraq tədbir iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən
danışıb. C.Hüseynova müharibədən çox az zaman keçməsinə baxmayaraq işğaldan
azad edilmiş ərazilərimizdə başlanılan tikinti-quruculuq və bərpa işlərindən, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ailəsi ilə birlikdə həmin ərazilərə
səfərlərindən, həmin ərazilərdə ermənilərin apardığı vandalizm siyasətindən söz
açıb.
Videkonfrans
iştirakçılarını salamlayan Qazax RİH başçısı aparatında İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək
bildirib ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
işğaldan azad edilmiş ərazilərimizə səfərləri doğma torpaqlarımıza "Böyük
qayıdışı”ın başlanğıcıdır. Dövlət başçısı tərəfindən işğaldan azad olunan ərazilərdə
qaldırılan, qürurla dalğalandırılan üçrəngli Azərbaycan Bayrağı 44 günlük Vətən
müharibəsinin, haqq-ədalət savaşımızın qələbəsinin rəmzidir. İşğalda olan ərazilərimizin
düşməndən azad edilməsi üçün başlanılan Vətən müharibəsinin hər bir günü
tariximizin şanlı səhifəsidir. Prezidentin ailəsi ilə birgə işğaldan azad edilən
ərazilərimizə səfərləri təkcə rəmzi məna daşımır, həm də orada aparılan bərpa
işlərinin intensivliyini artırır, azad olunmuş tarixi Azərbaycan torpaqlarının
dirçəldilməsini sürətləndirir.
Sonra Şuşa Üzeyir
Hacıbəylinin Ev-Muzeyinin direktoru Nəsibə Eyvazova çıxış edərək Şuşa haqqında,
rəhbərlik etdiyi Muzey haqqında məlumat verib. Muzeyin direktoru məlum hadisələr
zamanı Muzeyin eksponatlarını özü ilə Bakıya gətirməyə müvəffəq olduğunu, bu
gün böyük səbirsizliklə Şuşada yeni həyatın başlanmasını və onların da Şuşaya
qayıdıb fəaliyyətlərinə orada davam etmələrini gözlədiklərini bildirib. Qeyd edib
ki, Prezidentin Şuşaya, Füzuliyə, Xocavəndə, Cəbrayıla səfərləri o günlərin
uzaqda olmadığının bariz nümunəsidir.
Daha sonra videokonfrans
iştirakçılarından Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz
Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Musa Həsənov
adına Birinci Şıxlı kənd tam orta məktəbin tarix müəllimi Araz Vəliyev çıxış edərək
qeyd ediblər ki, bu gün Azərbaycan 44 günlük Vətən müharibəsində, haqq-ədalət uğrunda
apardığı savaşda əldə etdiyi qələbədən sonra özünə aid olanları özünə qaytardı.
Ermənilər təkcə insanlığa qarşı deyil, tarixə, maddi-mədəniyyət nümunələrinə,
dini inanc yerlərinə belə soyqırım, qətliam, terror aktları törətmişlər. İşğaldan
azad edilmiş şəhərlərimizdən, rayonlarımızdan əsər-əlamət qalmayıb, binaların
damlarına, daşlarına qədər sökülüb aparılıb, yerlə-yeksan ediliblər. Əvəzolunmaz
milli sərvətimiz olan, tariximizin daş yaddaşı maddi-mədəniyyət abidələrimiz azərbaycanlılara
məxsus tarixi irsi silmək məqsədilə ya məhv edilib, ya da saxtalaşdırmalara məruz
qalıb. Lakin Azərbaycanın şanlı tarixi belə talanları çox görüb, mənəviyyat
tariximizin "arxiv”i sayılan tarixi abidələrimiz dağıntılara şahidlik edib,
yenilməyib, məhv olmayıb. Çıxış edənlər hər
zaman dövlətimizin, dövlət başçısının yanında olduqlarını, Onun siyasətini dəstəklədiklərini
vurğulayıblar. Cənab Prezident İlham Əliyevin tarixi ərazilərimizə səfərlərinin
qəlbimizi qürur, fərəh, sevinc hissi ilə doldurduğunu bir daha dilə gətiriblər.
Qeyd ediblər ki, bu səfərlər bütün dünyaya Azərbaycan xalqının əyilməzliyini,
yenilməzliyini, bizim o əraziləri yenidən bərpa edəcəyimizi, orada yeni
infrastruktur layihələri həyata keçirəcəyimizi, yollar çəkəcəyimizi, körpülər
salacağımızı, abidələrimizi yenidən bərpa edəcəyimizi sübut edir. Və o gün elə
də uzaqda deyil.
GOYEZEN.AZ
Facebook-da paylaş