Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Prezidentin işğaldan azad edilmiş ərazilərimizə səfərləri Zəfərimizin növbəti təntənəsidir” mövzusunda onlayn videokonfrans keçirilib

Qazaxda “Prezidentin işğaldan azad edilmiş ərazilərimizə səfərləri Zəfərimizin növbəti təntənəsidir” mövzusunda onlayn videokonfrans keçirilib


1-04-2021, 21:03


Aprelin 1-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Prezidentin işğaldan azad edilmiş ərazilərimizə səfərləri Zəfərimizin növbəti təntənəsidir” mövzusunda onlayn videokonfrans keçirilib.

Zoom platforması üzərindən keçirilən onlayn görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şuşa Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Nəsibə Eyvazova, rayon mədəniyyət işçiləri və təhsil şöbəsinin əməkdaşları, müəllimlər iştirak ediblər.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. C.Hüseynova müharibədən çox az zaman keçməsinə baxmayaraq işğaldan azad edilmiş ərazilərimizdə başlanılan tikinti-quruculuq və bərpa işlərindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ailəsi ilə birlikdə həmin ərazilərə səfərlərindən, həmin ərazilərdə ermənilərin apardığı vandalizm siyasətindən söz açıb.

 

Videkonfrans iştirakçılarını salamlayan Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək bildirib ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri doğma torpaqlarımıza "Böyük qayıdışı”ın başlanğıcıdır. Dövlət başçısı tərəfindən işğaldan azad olunan ərazilərdə qaldırılan, qürurla dalğalandırılan üçrəngli Azərbaycan Bayrağı 44 günlük Vətən müharibəsinin, haqq-ədalət savaşımızın qələbəsinin rəmzidir. İşğalda olan ərazilərimizin düşməndən azad edilməsi üçün başlanılan Vətən müharibəsinin hər bir günü tariximizin şanlı səhifəsidir. Prezidentin ailəsi ilə birgə işğaldan azad edilən ərazilərimizə səfərləri təkcə rəmzi məna daşımır, həm də orada aparılan bərpa işlərinin intensivliyini artırır, azad olunmuş tarixi Azərbaycan torpaqlarının dirçəldilməsini sürətləndirir.


Sonra Şuşa Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Nəsibə Eyvazova çıxış edərək Şuşa haqqında, rəhbərlik etdiyi Muzey haqqında məlumat verib. Muzeyin direktoru məlum hadisələr zamanı Muzeyin eksponatlarını özü ilə Bakıya gətirməyə müvəffəq olduğunu, bu gün böyük səbirsizliklə Şuşada yeni həyatın başlanmasını və onların da Şuşaya qayıdıb fəaliyyətlərinə orada davam etmələrini gözlədiklərini bildirib. Qeyd edib ki, Prezidentin Şuşaya, Füzuliyə, Xocavəndə, Cəbrayıla səfərləri o günlərin uzaqda olmadığının bariz nümunəsidir.

 

Daha sonra videokonfrans iştirakçılarından Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin tarix müəllimi Araz Vəliyev çıxış edərək qeyd ediblər ki, bu gün Azərbaycan 44 günlük Vətən müharibəsində, haqq-ədalət uğrunda apardığı savaşda əldə etdiyi qələbədən sonra özünə aid olanları özünə qaytardı. Ermənilər təkcə insanlığa qarşı deyil, tarixə, maddi-mədəniyyət nümunələrinə, dini inanc yerlərinə belə soyqırım, qətliam, terror aktları törətmişlər. İşğaldan azad edilmiş şəhərlərimizdən, rayonlarımızdan əsər-əlamət qalmayıb, binaların damlarına, daşlarına qədər sökülüb aparılıb, yerlə-yeksan ediliblər. Əvəzolunmaz milli sərvətimiz olan, tariximizin daş yaddaşı maddi-mədəniyyət abidələrimiz azərbaycanlılara məxsus tarixi irsi silmək məqsədilə ya məhv edilib, ya da saxtalaşdırmalara məruz qalıb. Lakin Azərbaycanın şanlı tarixi belə talanları çox görüb, mənəviyyat tariximizin "arxiv”i sayılan tarixi abidələrimiz dağıntılara şahidlik edib, yenilməyib, məhv olmayıb.

Çıxış edənlər hər zaman dövlətimizin, dövlət başçısının yanında olduqlarını, Onun siyasətini dəstəklədiklərini vurğulayıblar. Cənab Prezident İlham Əliyevin tarixi ərazilərimizə səfərlərinin qəlbimizi qürur, fərəh, sevinc hissi ilə doldurduğunu bir daha dilə gətiriblər. Qeyd ediblər ki, bu səfərlər bütün dünyaya Azərbaycan xalqının əyilməzliyini, yenilməzliyini, bizim o əraziləri yenidən bərpa edəcəyimizi, orada yeni infrastruktur layihələri həyata keçirəcəyimizi, yollar çəkəcəyimizi, körpülər salacağımızı, abidələrimizi yenidən bərpa edəcəyimizi sübut edir. Və o gün elə də uzaqda deyil.
















GOYEZEN.AZ


Geri qayıt