Qaradağ Günəş Elektrik Stansiyası ölkənin enerji siyasəti tarixində əlamətdar hadisədir
Günəş işığından enerji əldə edilməsi texnologiyası
neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından daha səmərəli
olduğuna görə dövrümüzdə çox aktualdır. Azərbaycan da bərpa olunan enerji
mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları
ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi
tanınmasına baxmayaraq ölkəmizdə də bərpa olunan enerji mənbələrindən istifadə
hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən
ibarətdir. Prezident İlham Əliyev cari ilin 15 mart tarixində
Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirakı zamanı
geniş nitq ilə çıxış edərək bu məsələ haqqında danışmış və bildirmişdir ki, Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma
mərasimi önəmli hadisədir və ölkənin energetika sahəsində əlamətdar tarixdir.
230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını
ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə
malik olan "Masdar” şirkətidir. "Masdar” şirkəti bir çox ölkələrdə uzun illər
uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox
təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir,
açıq ölkədir. Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik
enerjisini ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı
nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq
təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq.
Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı
da artırır. Dövlət başçısı həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə
ölkəmiz arasında əlaqələrdən danışıb. Qeyd
edib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük
perspektivi var. "Masdar” şirkəti dost ölkəni - Birləşmiş Ərəb
Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək
səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla
əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar
var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start
verilir. Hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya
gücləri yaradılır, 385 meqavat generasiya gücü isə artıq yaradılıbdır. Cari
ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar
ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən "ACWA Power”
şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu.
Fevral ayında "Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik
stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik
stansiyasının təməli qoyulur. Ölkə başçısı vurğulayıb ki, bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan
üçün prioritet məsələdir. 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi
sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir. Uzun illər ərzində
mövcud istiqamətdə fərqli işlər aparılır. Azərbaycanda mövcud olan sabitlik,
iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar,
elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir
vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz,
eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.
Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır.
Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən
istehsal edir - təbii qaz, su, günəş və külək. Azərbaycanda bərpaolunan enerji
növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı
enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox
maraqlıdırlar. Prezident İlham Əliyev işğaldan azad edilmiş
ərazilərin böyük potensiala malik olmasına da toxunaraq bildirib ki,
artıq dəqiq hesablamalar aparılıb və işğaldan
azad edilmiş ərazilərimizdə günəş, külək enerji növlərinin istehsalı təxminən
9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə
generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə
bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər.
Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər
verir. Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya
gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması
planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu
stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və
bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının
yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb,
daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o
cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya
yaradılıbdır. Azərbaycanın sənaye və iqtisadiyyatı durmadan inkişaf edir. Bu
ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz,
qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar
postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki,
Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin
yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da
təqdirəlayiq addımlar atılır. Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə
xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır.
Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Həm beynəlxalq
maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük
maraqla yanaşırlar. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların
bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir. Azərbaycanın dayanıqlı
inkişafını təmin edən amillər. Azərbaycanda zəngin neft və qaz yataqları vardır
və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur
vardır - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac
bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar
ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin
vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır. Qazax Rayon Heydər Əliyev Mərkəzi
Facebook-da paylaş