• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Vətən sərhəddən başlanır” başlıqlı vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı və Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdlərinin iştirakı ilə "Vətən sərhəddən başlanır” başlıqlı vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq 18 avqust tarixinin Azərbaycanda Sərhəd Qoşunları Günü kimi qeyd olunduğunu bildirib və bütün sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib. Sərhəd Qoşunları Gününün tarixindən danışan C.Hüseynova bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli sərəncamı ilə təsis edilib. Müstəqilliyimizin yenidən bərpasından sonra əsas məsələlərdən biri milli sərhəd strategiyası və sərhəd qoşun dəstələrini formalaşdırmaq oldu və bu məhz dahi siyasətçi Heydər Əliyevin sayəsində reallaşdı. Üçrəngli bayrağımız Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırıldı. Sərhədlərin etibarlı mühafizəsini təşkil etmək məqsədilə 2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidməti yaradıldı. Qeyd edib ki, son illərdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Quruda, havada və suda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.


Onlayn tədbirdə YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü çıxış edərək qeyd edib ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il tarixli sərəncamı ilə avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür.  Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirir. Sərhədçilər və sərhəd qoşunları daim dövlət qayğısı ilə əhatə olunur.

 

Sonra Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda "Sən qalib gələcəksən”, "Üçrəngli bayrağım”, "Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!” və s. başlıqlı şeirlər söyləyiblər. 

Tədbirin sonunda o da vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad ediləcək və üçrəngli müzəffər bayrağımız Qarabağda dalğalanacaq. O gün isə çox uzaqda deyil...












GOYEZEN.AZ



Facebook-da paylaş