Qazax Rayon Heydər Əliyev Mərkəzində 2019-cu ilin yekununa həsr olunmuş tədbir keçirilib
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin və Mərkəzin birgə fəaliyyətinə dair 2019-cu il üçün yekun tədbir keçirilib.
Tədbir mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib və bir növ hesabat xarakterli olub.
Mərkəzin direktoru Ceyhunə Hüseynova giriş sözü çıxış edərək tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Yola saldığımız 2019-cu ilin Qazax Rayon Heydər Əliyev Mərkəzi üçün uğurlu bir il olduğunu qeyd edərək il ərzində Mərkəzdə 47 tədbir keçirildiyini diqqətə çatdırıb. Həmin tədbirlərdən 20-nin rayonun orta ümumtəhsil məktəblərinin birgə iştirakı, 9-nun Mərkəzdən kənarda, 9-nun hərbi hissələrin əsgər və zabitlərinin iştirakı, 9-nun isə rayonun digər idarə və müəssisələrinin iştirakı ilə keçirildiyini qeyd edib.
Əlamətdar günləri, dövlət başçısının verdiyi sərəncamlardan irəli gələn yubiley tədbirlərini özündə əks etdirən tədbirlər, dəyirmi masalar təşkil olunduğunu bildirib. Qeyd edib ki, bütün bu tədbirlərin təşkili Ulu Öndər Heydər Əliyevin mənalı həyatının və ibrətamiz siyasi fəaliyyətinin təbliği, tariximizin və mədəni irsimizin gənc nəsillərə çatdırılması sahəsində mühüm əhəmiyyət kəsb etmişdir. Mərkəzin direktoru həm də Heydər Əliyev Mərkəzində tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün əlverişli şəraitin yaradılmasında və daim diqqət mərkəzində saxlanılmasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb və rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
C.Hüseynova 2019-cu ildə Mərkəzdə YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdən də söz açıb. Həmin tədbirlərdə icra başçısının və aparatın işçilərinin iştirak etdiyini bildirən Mərkəzin direktoru sonda bir daha təşəkkürünü çatdırıb.
Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru, YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb və əlamətdar günün tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, azərbaycanlılar tarixin müxtəlif dövrlərində başqa-başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqə yaratmaq imkanından məhrum edilmişdilər. Lakin 80-ci illərin sonlarında daha dəqiq 1989-cu ilin dekabrında Naxçıvanda sərhədlərin dağıdılması ilə dünya azərbaycanlılarının həmrəyliyinin əsası qoyuldu. 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi və beləliklə, bütün dünyada yaşayan azərbaycanlıların birləşməsi, bir olması bayram gününə çevrildi. İl ərzində Mərkəzlə birlikdə keçirilən tədbirlərdən söz açan Y.Göyüşlü qarşılıqlı əməkdaşlığın 2020-ci ildə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Sonra söz məktəblilərə verilib. Şagirdlərdən Sədaqət Camalova, Əsgər Hacıyev, Halə Camalova, Məhəmməd Alırzayev, Leyla Həsənova, Sayad Həsənov, Sevda Adıgözəlova şeirlər söyləyib, rəqs ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş