“Vətən sərhəddən başlayır” mövzusunda gənclərin regional onlayn vətənpərvərlik konfransı keçirilib
Avqustun 11-də Gəncə və Naftalan şəhərləri, Göygöl, Samux, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Ağcabədi rayonlarının Gənclər və İdman İdarələrinin təşkilatçılığı ilə "Vətən sərhəddən başlayır” mövzusunda gənclərin regional onlayn vətənpərvərlik konfransı keçirilib. Videoformatda təşkil olunmuş konfransda ümumilikdə 100 nəfər iştirak edib.
Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov giriş sözü ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb, təşkil olunmuş tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Vətənimizə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, dilimizə, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdır. Bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın tərəqqisi, müstəqilliyimizin möhkəmləndirilməsi və ürəyimizi dağlayan Qarabağ yarasının tezliklə sağalması yolunda gənclərimiz cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, onun "İrəli!” əmrinə hər an hazır olmalıdır.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax rayon Yuxarı Salahlı kənd sakini, Qarabağ qazisi, ehtiyyatda olan gizir Natiq Mehdiyev, tarix elmləri doktoru Elnur Hacıyev, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, millət vəkili Müşfiq Cəfərov, Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Biləndərov, Samux Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Həsənova, "Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin səfiri Ləman Cahangirli və gənc könüllülər videokonfransda çıxış edərək mövzu ətrafında öz ürək sözlərini çatdırıblar. Çıxış edənlər vurğulayıblar ki, Vətəni sevmək üçün birinci sərhəddi sevmək lazımdır. Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur. Bu şərəfli vəzifədir. Hər bir gənc də məhz bu ruhda olmalı, Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə sahib çıxmağı bacarmalıdır.
GOYEZEN.AZ
Facebook-da paylaş