Qazaxda “Uşaqlar sülhün carçısıdır” adlı tədbir keçirilib
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə "Uşaqlar sülhün carçısıdır” başlıqlı tədbir keçirilib. Tədbirdə N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin II sinif şagirdləri və müəllimləri, Mərkəzin əməkdaşları iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək tədbir iştirakçılarına Beynəlxalq Sülh Gününün tarixi haqqında geniş məlumat verib. Bildirib ki, 21 sentyabr - Sülh Günü heç olmasa bir gün insan zorakılığının baş verməsinin qarşısının alınması və atəşkəs olması məqsədilə BMT-nin 30 noyabr 1981- ci il qərarı ilə bütün dünyada qeyd edilir. Qeyd edib ki, bu günün keçirilməsində məqsəd yalnız xalqlar arasında deyil, həm də ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaqdır. 1981-ci ildə bu bayram dünyada silahların susdurulması və zorakılığın dayandırılması kimi səsə qoyulub və 2001-ci ildən bayram kimi qeyd edilməkdədir. Məhz həmin gün bütün silahlı münaqişə iştirakçılarına silahları yerə qoymaq və hərbi müdaxilələri dayandırmaq təklif olunur. C.Hüseynova bildirib ki, Azərbaycan da öz tarixi torpaqlarını qorumaq, işğalda olan torpaqları azad etmək məqsədilə silahlı münaqişə şəraitindədir və bu vəziyyətdən ən çox zərər çəkən də elə uşaqlardır.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkədə sabitliyin möhkəmləndirilməsi, uşaqların həlak olmaması, insanların zərər çəkməməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini önə çəkdi və bu istiqamətdə ciddi səylər göstərməyə başladı. Məhz Ulu Öndərin gərgin səyi nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı.
Sonra məktəbin müəllimi Rüxsarə Əhmədova, şagirdlərdən Ömər Xasməmmədov, Aysu İsmayılzadə, Ömər Zeynallı, Nihat Mustafayev, Dursun Allahverənov, Nuray Kərimova, Amin Tağızadə sülhə aid şeirlər söyləyib, "Qoy həmişə sülh olsun”, Biz sülh istəyirik” kimi simvolik çağırışlar ediblər.
Tədbirin sonunda sülh rəmzi olan göyərçin havaya buraxılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş