• Təqvim

  • Maraq



Qazaxlı idmançı “Avrasiya Sülh kuboku” beynəlxalq turnirinin qalibi olub

Qazaxlı idmançı “Avrasiya Sülh kuboku” beynəlxalq turnirinin qalibi olub
Bu gün bütün dünyada ziyalıları, saz-söz adamları, tarixi şəxsiyyətləri ilə tanınan Qazax rayonu eyni zamanda idmançıları ilə də öz adını tarixə yazdırıb. Tarix boyu adlı-sanlı idmançılar yetirmiş Qazax adını ölkəmizin idman tarixinə yazmış idmançıları ilə hər zaman fəxr edib. Neçə-neçə qazaxlı idmançı bu gün üçrəngli bayrağımızı yüksəklərə qaldırır, dövlət himnimizi qürurla səsləndirir. Bu gün rayon rəhbərliyinin idman sahəsinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən rayonumuzun idmançıları daha böyük qələbələr qazanaraq əldə edilən uğurlarının sayını get-gedə artırırlar. Onlara göstərilən bu etimadı öz qələbə və medallarının sayını artırmaqla doğrultmağa çalışırlar.

Növbəti belə qələbələrdən biri isə 5 avqust 2018-ci il tarixdə Biləsuvar rayonunda MMA döyüş sənəti və kubo üzrə keçirilən “Avrasiya Sülh kuboku” beynəlxalq turnirində qazanılıb.

Bu yarışda rayonumuzu Alpaqut Türk Döyüş Növləri Mərkəzinin Qazax filialının idmançısı Mansurov Mustafa Vüsal oğlu təmsil edib. 50 kq çəki dərəcəsində 15-16 yaşlı idmançılar arasında keçirilən turnirdə Mustafa Mansurov bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Qeyd edək ki, yarışda ölkəmizdən başqa, Gürcüstan, Rusiya, Türkiyə, İran və Pakistan idmançıları da mübarizə aparıblar.

Məlumat üçün bildirək ki, Mustafa Mansurov Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin X sinif şagirdidir. Məşqçi müəllimi isə Orxan Vəliyevdir.

Biz də bütün idman sevərlər adından Mustafa Mansurovu qazandığı qələbə münasibətilə təbrik edir, daha böyük nailiyyətlər əldə etməsini arzulayırıq.

Qazaxlı idmançı “Avrasiya Sülh kuboku” beynəlxalq turnirinin qalibi olub
GOYEZEN.AZ


Facebook-da paylaş